İrlandiya milli komandasının futbolçusu Ceymi Makqrat "Dandolk"un heyətində 2019-cu ildə "Qarabağ"la Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya gələrkən üzləşdiyi hadisədən danışıb.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi RTE-yə müsahibə zamanı polislərin ona problem yaratdıqlarını bildirib.
"Məni az qala həbs edəcəkdilər" deyən Makqrat bu dəfə eyni halın baş verməyəcəyinə ümidvar olduğunu dilə gətirib: "Biz dənizin sahilində gəzintidə idik. Müsahibə verdiyimiz vaxt birdən bizə beş polis yaxınlaşdı. Onların nə dediklərini başa düşə bilmirdik, aqressiv idilər. Hansı yolverilməz hərəkətə yol verdiyimizi anlaya bilmirdik. Sonradan bizə ingilis dilində bilən polis yaxınlaşdı. Məlum oldu ki, şəxsi mülkün önündə müsahibə verirəm. Bizə dedilər ki, başqa tərəfdə çəkiliş edin. Yaxşı əhvalat idi".
Qeyd edək ki, "Qarabağ" ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi "Dandolk"u cavab oyununda darmadağın edib - 3:0.