Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 7-ci matçında Serbiya yığmasının qonağı olub. Belqraddakı "Rayko Mitiç" stadionunda oynanılmış qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyuna fəal başlayan serbiyalılar artıq 11-ci dəqiqədə hesabı açmağa yaxın olublar. Lakin Duşan Vlahoviçin zərbəsində azacıq dəqiqlik çatmayıb. 3 dəqiqə sonra Höccət Haqverdi sol cinahdan ötürülən topu uzaqlaşdırmaq istəyərkən az qala avtoqol müəllifi olacaqdı. Lakin müdafiəçinin "fərqlənməsinə" qapı dirəyi mane olub.
Az sonra Darko Lazoviçin yaxın məsafədən vurduğu topu Şahruddin Məhəmmədəliyev qaytarıb. Hücumun davamında isə Sergey Milinkoviç-Saviçin zərbəsi qeyri-dəqiq alınıb.
Azərbaycan millisinin oyundakı ilk təhlükəli hücumu 20-ci dəqiqəyə təsadüf edib. Emin Mahmudovun sağ cinahdan cərimə meydançasına ötürməsini qəbul edən Filip Ozobiç yaxın küncü nişan alsa da, top qapıdan keçməyib. 26-cı dəqiqədə Qara Qarayev Azər Salahlını Predraq Raykoviçlə üz-üzə qoyub. Lakin sonuncu fürsəti əldən verib.
Matçda hesab yarım saatın tamamında açılıb. Haqverdinin Vlahoviçə qarşı kobudluğundan sonra təyin olunan penaltini zərərçəkmişin özü dəqiq yerinə yetirib. Sarı vərəqə alan müdafiəçi isə cəzalı duruma düşüb. O, gələn ay Bakıda Lüksemburqa qarşı seçmə mərhələdəki son matçı buraxacaq.
10 dəqiqə sonra Serbiya yığması 2-ci topu vursa da, Milenkoviç-Saviçin dəqiq zərbəsi ofsayd səbəbindən qeydə alınmayıb.
İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə isə hesab bərabərləşib. Rəqib qapıçının kobud səhvindən sonra Mahmudov tarazlığı bərpa edib. Bu, onun cari seçmə mərhələdəki 4-cü qolu olub. Beləliklə, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
İkinci hissədə də hücumlarını davam etdirən serbiyalılar yenidən hesabda önə keçiblər. 53-cü dəqiqədə Vlahoviç dubl edərək, seçmə mərhələdəki 4-cü qolunu vurub.
54-cü dəqiqədə Araz Abdullayevin zərbəsi zamanı top qapının üstündən keçib. Ardınca Luka Yoviç əlverişli fürsəti boşa verib. 63-cü dəqiqədə Vlahoviçin akrobatik zərbə ilə het-trik etmək cəhdi baş tutmayıb. Ardınca isə Məhəmmədəliyev ikinci hissədə meydana daxil olan Aleksandar Mitorviçin fərqlənməsinə imkan verməyib.
Matçda son nöqtəni Duşan Tadiç qoyub. Serbiya yığmasının kapitanı Maksim Medvedevin əllə oyunundan sonra təyin olunmuş növbəti penaltidən fərqlənməklə komandasının qələbəsini rəsmiləşdirib.
A qrupunun digər oyununda isə Portuqaliya evdə Lüksemburqu darmadağın edib - 5:0.
Bu nəticələrdən sonra xallarını 17-yə çatdıran Serbiya seçməsi liderliyini qoruyub. Draqan Stoykoviçin başçılıq etdiyi kollektiv Portuqaliyadan 1 oyun çox keçirib. 1 xalı olan Azərbaycan millisinin isə sonuncu sırada qalacağı dəqiqləşib.
----------------------------------------------------------
Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 7-ci matçında Serbiya yığmasının qonağı olacaq. Belqraddakı "Rayko Mitiç" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü Belçikadan olan beynəlxalq dərəcəli referi Erik Lambrexts idarə edəcək.
Oyun öncəsi Azərbaycan millisinin heyətində itki yoxdur. Meydan sahiblərində isə müdafiəçi Straxinya Pavloviç və yarımmüdafiəçi Filip Curiçiç cəza, digər arxa xətt oyunçusu Nikola Milenkoviç isə zədə səbəbindən oynamayacaq. Bundan başqa, 6 futbolçu - Aleksandar Mitroviç, Duşan Tadiç, Nemanya Qudel, Uroş Spayiç, Nemanya Maksimoviç və Nemanya Radonyiç sarı vərəqə limitindədirlər.
Bu komandaların Bakıdakı duelindən serbiyalılar qalib ayrılmışdı - 2:1. Hazırda 1 xalı olan Azərbaycan millisi sonuncu - 5-ci pillədə qərarlaşıb. Serbiya isə 14 xalla hələlik qrup lideridir.
Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya seçməsi Lüksemburqu qəbul edəcək.
DÇ-2022, seçmə mərhələ
VIII tur
A qrupu
22:45. Serbiya - Azərbaycan - 3:1
Qollar: Duşan Vlahoviç, 30 (pen.); 53, Duşan Tadiç, 83 (pen.) - Emin Mahmudov, 45+2
Hakimlər: Erik Lambrexts, Rien Vanizer, Jo De Vayrdt, Natan Verboomen (Belçika)
Belqrad. "Rayko Mitiç" stadionu
Xal durumu: Serbiya - 17 (7 oyuna), Portuqaliya - 16 (6), Lüksemburq - 6 (6), İrlandiya - 5 (6), Azərbaycan - 1 (7).