"Hazırlıqlar müsbət məcrada gedir. Oktyabrın 9-da "Qəbələ" ilə yoldaşlıq matçında yaxşı oynadıq. Müəyyən çatışmazlıqlar var idi və baş məşqçi onları gördü".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin qapıçısı Aqil Məmmədov səfərdə "Sumqayıt"la keçirəcəkləri Azərbaycan Premyer Liqasının VII tur matçı barədə klub telekanalına açıqlamasında deyib. 32 yaşlı qolkiperin sözlərinə görə, milli komandalardakı futbolçular kollektivə qoşulduqdan sonra qarşıdakı görüşə tam heyətlə hazırlaşacaqlar.
Məmmədov bütün oyunların komandası üçün çətin keçdiyini bildirib: "Sumqayıt"la səfərdə oynayacağıq. Rəqib yaxşı komanda formalaşdırıb. Heyətlərində gənc və mübariz futbolçular var. Əlbəttə, çətin oyun olacaq. Biz də qələbə üçün əlimizdən gələni edəcəyik".
Təcrübəli oyunçunun fikrincə, komandanın digər qapıçıları Kamran İbrahimov və Rza Cəfərov məşqçilər şans verdikcə meydana çıxırlar.
"İbrahimov özünü yaxşı tərəfdən göstərib", - deyən Məmmədov ikinci komandadan cəlb olunmuş Rza Cəfərovun gənc qapıçı olmasına rəğmən, yavaş-yavaş yetişdiyini və 2-3 ilə tam formalaşaraq "Neftçi"yə layiq qapıçı olacağını vurğulayıb.
Qeyd edək ki, oktyabrın 17-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Neftçi" matçı saat 16:30-da başlanacaq.