
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ikinci matçında "Qəbələ" "Zirə"ni qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə ilə yekunlaşıb. "Qartallar"ın heyətində Cəlal Hüseynov 18-ci dəqiqədə hesabı açıb. Meydan sahibləri bu qola fasilədən sonra cavab verib. Ülvi İsgəndərov 79-cu dəqiqədə topu qonaqların qapısından keçirib.
Matçın sonlarında qalmaqal yaşanıb. "Qəbələ"nin futbolçusu Ehtiram Şahverdiyev Dmitrios Çantakiasa kəllə atdığı üçün qırmızı vərəqə alaraq meydandan qovulub. Yunanıstanlı müdafiəçi isə sarı vərəqə alıb. Komanda yoldaşları Şahverdiyevi sakitləşdirməkdə çətinlik çəkib.
Qeyd edək ki, günün ilk görüşündə "Keşlə" səfərdə "Səbail"i 2:1 hesabı ilə üstələyib. Tura oktyabrın 17-də oynanılacaq "Sumqayıt" - "Neftçi" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
----------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk oyununda "Səbail" "Keşlə"ni qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki qollar ikinci hissədə vurulub.
68-ci dəqiqədə Tərlan Quliyev cərimə zərbəsindən hesabı açaraq "Keşlə"ni önə keçirib. 3 dəqiqə sonra Rauf Əliyev bərabərlik qoluna imza atıb. 81-ci dəqiqədə isə Anatole Abanq komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran "Keşlə" "Sumqayıt"la birlikdə 5-6-cı yerləri bölüşdürür. "Dənizçilər" isə 6 xalla 7-ci sıradadır.
Qeyd edək ki, günün digər matçında "Qəbələ" "Zirə" ilə üz-üzə gələcək. Tura oktyabrın 17-də oynanılacaq "Sumqayıt" - "Neftçi" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
--------------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
Birinci dövrənin son turu Bakıda start götürəcək. "ASCO Arena"dakı açılış matçında "Səbail" və "Keşlə" komandaları üz-üzə gələcəklər. Hazırda turnir cədvəlində qonşu pillələrdə qərarlaşan kollektivlərdən meydan sahibləri 6 xalla 6-cı, rəqibindən 2 xal az toplayan qonaqlar isə 7-cidir.
Komandalar indiyədək ölkə çempionatında 15 dəfə qarşılaşıblar. Bu görüşlərin 7-də Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv, 4-də Sənan Qurbanovun rəhbərlik etdiyi komanda qələbə qazanıb. 4 oyunda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də "dənizçilər"in üstünlüyü var - 17:13. “Keşlə” son 7 oyunda yalnız bir qələbə qazanıb. “Səbail”in son 3 ev matçı heç-heçə ilə nəticələnib
Günün digər oyunu Qəbələdə yerli komanda ilə "Zirə" arasında olacaq. 6 turdan sonra hər iki kollektivin 11 xalı var. "Qırmızı-qaralar" 3-cü, "qartallar" isə 4-cü sırada qərarlaşıb.
İki komanda arasında bunadək baş tutmuş 23 çempionat oyununda əyalət təmsilçisi 7, paytaxt klubu 5 qələbə qazanıb. 11 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqi də meydan sahiblərinin xeyrinədir - 26-20. Son 4 görüşün üçündə heç-heçə qeydə alınıb. “Qəbələ” son 9 ev matçında rəqibinə uduzmayıb.
Azərbaycan Premyer Liqası
VII tur
16 oktyabr (şənbə)
15:00. “Səbail” – “Keşlə” - 1:2
Qol: Rauf Əliyev, 71 - Tərlan Quliyev, 68. Anatole Abanq, 81
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”.
17:00. “Qəbələ” – “Zirə” - 1:1
Qol: https: Ülvi İsgəndərov, 79 - Cəlal Hüseynov, 18
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu.
Qeyd edək ki, tura oktyabrın 17-də keçiriləcək "Sumqayıt" - "Neftçi" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.