"Çox güclü və böyük rəqabət olan çempionatdan gəlmişəm. Böyük klublara qarşı oynamışam. Buna baxmayaraq, "Neftçi"ni seçdim".
Sportnet.az-ın məlumatına görə, bu fikləri "Neftçi"nin futbolçusu Xorxe Korrea klubun rəsmi televizisiyasına müsahibəsində deyib.
28 yaşlı yarımmüdafiəçi seçiminin düzgün olduğunu bildirib: "Bunu heç də geriyə addım hesab etmirəm. Çünki buraya gəlməzdən əvvəl "Neftçi" haqqında maraqlandım. Tarixi klub olduğunu, hər il çempionluğa oynadığını, Azərbaycanı daim Avropada təmsil etdiyini öyrəndim. Hər futbolçu avrokuboklarda çıxış etmək istəyir. Mən də bu arzularımı gerçəkləşdirmək niyyətindəyəm. Ona görə də "Neftçi"yə keçidimi düzgün qərar hesab edirəm".
Argentinalı oyunçu Azərbaycana gəlməzdən əvvəl çempionat və ölkə haqqında məlumatının olmadığını söyləyib: "Məlumat aldım və mənə yaxşı şeylər danışdılar. Bu da qərarımda mənə kömək oldu. Həm klub, həm də ölkə haqqında yaxşı xəbərlər eşitdim. Bu da futbolçu üçün böyük amildir".
Korrea şəhərlər tanışlığa hələlik vaxtının olmadığını diqqətə çatdırıb: "Yeni gəldiyim üçün komandaya uyğunlaşmağa çalışıram. Formamı bərpa etmək üçün müntəzəm olaraq məşqlər etmişəm. Hazırda burada təkəm. Ailəm gələndən sonra ölkəni və bu gözəl şəhəri onlarla birlikdə qarış-qarış gəzəcəyəm".
Yarımmüdafiəçi bir neçə gün əvvəl baş məşqçi Samir Abasovla görüşdüyünü sözlərinə əlavə edib: "Mənə həmişə dəstək verməyə hazır olduğunu bildirdi. Məndən hansı mövqedə özümü rahat hiss etdiyimi soruşdu. Bundan əlavə, mənə olan inam və etibarını göstərdi. Bu isə futbolçu üçün çox önəmlidir. Burada çox rəqabətli çempionat var. Hər komandada güclü və rəqabət aparan futbolçular toplanıb. Bu isə çempionatı daha da gücləndirir. Bu mənada Portuqaliya və Azərbaycan çempionatları arasında bənzərlik var".
Oyunçu məqsədinin komanda ilə bütün titulları qazanmaq olduğunu deyib: "Çünki bu klub hər şeyin ən yaxşısına layiqdir. Özümü yaxşı hiss edirəm. Dediyim kimi, istirahət günlərim çox az olub. Çünki fiziki cəhətdən özümü çox tez zamanda bərpa etməyə çalışıram. Fiziki hazırlqı üzrə məşqçi ilə danışdım. O da mənim bu mənada irəliləyişə nail olduğumu dedi. "Neftçi" azarkeşlərinin qarşısına çıxıb, öz oyunumu göstərməyi səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Xorxe Korrea Argentinanın “Veles Sarsfild” (2010 - 2018), “Defensores de Belqrano” (2012 - 2013) və Portuqaliyanın “Maritimu” (2018 - 2021) klublarında çıxış edib. O, 2013-cü ildə “Veles Sarsfild”lə Argentina Super Kubokunu qazanıb.