"Qarabağ" klubunun 3 futbolçusu Qazaxıstan "Kayrat"ına qarşı Konfrans Liqasının qrup mərhələsinin III tur oyununu buraxacaq.
Ağdam təmsilçisinin Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, əməliyyat olunduğu üçün ili başa vuran ispaniyalı yarımmüdafiəçi Xayme Romero, zədələrini sağaldaraq fərdi məşqlər edən Bədavi Hüseynov və Elvin Cəfərquliyevin də meydana çıxmayacağı dəqiqdir.
Cəfərquliyevin növbəti ay, Hüseynovun isə dekabrda sıraya dönəcəyi gözlənilir.
Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.