"O stadionda olmasam da, Şamaxı maraqlı yerdir. Hamımıza deyirsiniz ki, Bakı çempionatıdır. Düşərli olsun ki, bölgələrimizin sayı çox olsun".
Sportnet.az-ın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Keşlə"nin adını dəyişdirilərək, Şamaxıya göndərilməsi barədə qərara münasibət bildirərkən deyib.
O, Azərbaycan Premyer Liqasında yeni bölgə komandasının çıxışını müsbət qarşılayıb: "Qəbələyə getməkdən bezmişik. Böyük futbolun Şamaxıya getməsi oradakı gənclər üçün stimuldur. Bu addımı müsbət qarşılayıram. İnanıram ki, I Divizion klubları Premyer Liqada iştirak edəndən sonra çempionatımız daha da maraqlı olar".
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında çıxış edən 8 komandadan 6-sı ev oyunlarını Bakıda keçirir. Paytaxtdan kənarda yalnız "Sumqayıt" və "Qəbələ" məskunlaşıb.