UEFA Türkiyə "Qalatasaray"ının evdə Rusiyanın "Lokomotiv" (Moskva) klubu ilə 1:1 hesablı heç-heçə etdiyi UEFA Avropa Liqasının qrup oyununun təkrarlanması ilə bağlı müraciətinə baxıb.
Sportnet.az xəbər verir ki, Avropa futbol qurumu İstanbul təmsilçisinin şikayətini təmin etməyib.
Qeyd edək ki, "Qalatarasay" - "Lokomotiv" qarşılaşmasının ikinci hissəsində qonaq komandanın futbolçusu Dmitri Jivoqlyadova sarı vərəqə göstərildikdən sonra meydanda kiçik toqquşma baş verib. Nəticədə isveçrəli referi Sandro Şerer Moskva təmsilçisindən Dmitri Barinovu və İstanbul klubundan Mbaye Dianı sarı vərəqə ilə cəzalandırıb. Üstəlik, o, Jivoqlyadova yenidən sarı vərəqə göstərib. Lakin UEFA-nın rəsmi saytındakı oyun protokolunda bu futbolçunun 1 "sarı"sının olduğu göstərilib.
"Sarı-qırmızılar" qitə futbol qurumundan bu epizoddakı qərarı müzakirəyə çıxarmasını və rəqibə texniki məğlubiyyət verməsini tələb edib.