"Bu komandaya qarşı səfərdə oynamaq çətindir. Rəqib topa daha çox sahib olurdu. Onların qol imkanları yetəri qədər çox idi. Futbolçular əllərindən gələni etdilər. Bu qarşılaşmanı unudub növbəti matçı düşünməliyik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Qarabağ"a səfərdə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis qol imkanları yarada bilməmələrindən məyus olduqlarını bildirib: "Komandamdan razı deyiləm. Oyun ərzində tamamilə müdafiə olunmaq fikrimiz yox idi. "Qarabağ" hər zonada pressinq edirdi".
Qurbanov komandanın gələcək planları barədə rəhbərliklə danışmadıqlarını sözlərinə əlavə edib: "Hansı planlar üzərində işləyəcəyimizi danışmamışıq. Mövsümün sonunu gözləyirik. Sadəcə, "Keşlə"nin adı dəyişib "Şamaxı" olacaq və bu klub Şamaxını təmsil edəcək".
Baş məşqçi turnir cədvəlində sonuncu yeri tutmaq istəmədiklərini də vurğulayıb: "Heç kim uduzmaq istəmir. Bu gün məğlub olmuşuq və məyusam. Yarışı sonuncu bitirsən və I Diviziona getməsən belə, bu, heç kimə xoş deyil".