“Futbolçulara xaatırlatmışdıq ki, rəqib çox istəkli olacaq”.
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Qaradağ Lökbatan"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu barədə danışarkən deyib.
41 yaşlı mütəxəssis bildirib ki, I Divizion təmsilçilərinin kubok oyununda Premyer Liqa klubları qarşısında qələbə şansı, demək olar ki, yoxdur: "Bu üzdən futbolçularımız, bəlkə də, inanırdılar ki, asan keçəcəyik. Amma matçın gedişatı bunu göstərmədi, ilk dəqiqələrdən rəqib pressinq elədi. “Qaradağ Lökbatan” çox hərəkətli, yaxşı komandadır. Bizə çətin anlar yaşatdılar. “Səbail”lə matçdan sonra futbolçularda bəlkə bir az gərginik var idi”.
Baş məşqçi əsasən ehtiyat qüvvəyə şans verməsinə də aydınlıq gətirib: “Az oynayan futbolçulara bu gün şans verdik. Onlar meydanda daha istəkli idilər. Çempionatda çox oynamaq imkanı əldə etmədikləri üçün özlərini göstərməyə çalışdılar. Bu onlarda pis alınmadı. Qarşıdakı matçlarda da onlara şans verəcəyimi gizlətmirəm. Çünki yaxşı təsir bağışladılar”.
Qurbanov portuqaliyalı yarımmüdafiəçi Aldair Netonun Premyer Liqanın XIV turunda “Sumqayıt”la qarşılaşmanı buraxacağını da söyləyib: “İlkin Qırtımovun mikrozədələri var. Netoda isə zədə daha ciddidir. Onun “Sumqayıt”la qarşıdakı çempionat oyununda da iştirak etməyəcəyi dəqiqdir. Digər əsas heyət üzvlərini isə riskə atmaq istəmədik. Bəzi oyunçuların əzələsində dartılma var idi. Onları meydana buraxsaydım, çempionat matçını buraxa bilərdilər”.
O, dekabrın 15-də “Sumqayıt”la keçiriləcək görüş barədə də danışıb: “Bu gün gözləmədiyimiz təzyiqlə üzləşdik. Futbolçuların az yorulması üçün erkən qol vurmalı idik. Amma bu alınmadı, oyunçularımız daha çox qaçmalı oldular. Nəzərə alaq ki, çempionatda digərləri ilə müqayisədə biz daha tez oynayacağıq. Bizim bir məşqimiz qalır ki, o da taktiki hazırlıq olacaq. Futbolçuları bu görüşə kökləməyə çalışacağıq. Çünki çətin Sumqayıt səfəridir. Pozitiv məqam üçün gərək qalib gələk. Həm də turnir cədvəlində daha təhlükəli zonadan çıxmaq üçün əlimizdən gələni etməliyik”.