"İlk olaraq, keçirdiyim aylara görə İspaniyanın "Luqo" klubuna minnətdaram".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin yeni transferi Eddi İsrafilov şəxsi instaqram hesabında yazıb.
30 yaşlı yarımmüdafiəçi bu keçidədək baxışda olduğu İspaniya təmsilçisinə təşəkkür edib: "Ayrılmaq istədiyim vaxt mənə bütün şəraiti yaratdınız və qərarımı anlayışla qarşıladınız. Sizə dərin minnətdarlığımı bildirirəm".
İsrafilov yeni komandaya transferini isə belə dəyərləndirib: "İkincisi, "Neftçi" kimi əla kluba, gözəl və cəlbedici layihəyə qoşulduğum üçün çox xoşbəxtəm".
Qeyd edək ki, Eddi İsrafilov "ağ-qaralar"la 2,5 illik müqavilə imzalayıb. O, iyunda İspaniya "Albasete"sindən ayrıldıqdan sonra klubsuz qalıb və "Luqo"da məşqlərə çıxıb.
2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda millinin formasını geyinib.