"Neftçi" klubunun baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir.
- Futbolçular qış təlim-məşq toplanışının ilk günlərində necə təsir bağışladı?
- Qış fasiləsinə getdiyimiz vaxt futbolçulara proqram vermişdik. Xoş haldır ki, komanda üzvləri ilk iki gün ərzində məşqlərdə xoş təəssürat oyatdılar. Sanki tətilə çıxmamışdılar. Görünən odur ki, proqramla işləyiblər. Bəzi axsamalar var ki, bunlar da futbolçuların səhhətləri ilə əlaqədardır. Məsələn, Yusuf Laval getdikdən sonra öz ölkəsində 5 gün xəstə yatıb. Bu da sezilir. Qalanların hamısı yaxşı gəliblər.
- Bəs heyət baxımından hansı çatışmazlıqlar var?
- Təəssüf ki. Nə qədər istəyirsən ki, yaxşı olsun. Amma mövcud situasiya ilə əlaqədar heç cür alınmır. Xorxe Korrea, Tiaqo Bezerra və Sezar Meza Kolli koronavirus səbəbindən öz ölkələrindən qayıda bilmirlər. Meza Kolli və Bezerrada infeksiya aşkarlanıb. Xorxe Korrea isə karantində olduğu üçün bizə qoşula bilməyib.
- Mamadu Kane və Sabiq Buqrin "Neftçi"də qalacaqmı?
- Son məlumatlara görə, Kane hələ ki, bizdədir. "Olimpiakos"la hələ də danışıqlar aparırıq. Onlardan xahişimiz odur ki, Kane mövsümün sonuna kimi bizimlə qalsın. Bu yöndə işlərimiz pis deyil. Sabir Buqrinin durumu isə 1-2 saata, bəlkə sabah 100 faiz bəlli olacaq. Futbolçu bu gün Tunis klubu ilə danışıqlar aparır, həmin komandanın düşərgəsindədir. Çox güman ki, danışıqlar bitəcək. Ondan sonra Sabirin getdiyini tam dəqiqliklə deyə biləcəyik. Görünən odur ki, o, bizimlə olmayacaq.
- Hansısa futbolçunun icarəyə göndərilməsi planda var?
- Mirabdulla Abbasov haqqında mətbuatda özüm də oxuyuram. Amma hələ heç nə deyə bilmərəm. Çünki, bu, barədə ümumiyyətlə fikirləşməmişik. Klubumuza təklif gəlsə, biz də onu dəyərləndirsək, bəlkə də ola bilər. Amma bu gün gündəmdə deyil. Harramiz Suaresi isə hansısa komandaya icarəyə vermək istəyirik. Futbolçu ilə danışıqlar prosesindəyik. Yollarımızı ayıra da bilərik. Klub olaraq istəyirik ki, bunu sivil şəkildə həll edək. Oyunçunun özündən də çox şey asılıdır.
- Aqil Məmmədovun zədələnməsi problem yarada bilərmi?
- O, bir saat əvvəl əməliyyata girib. Həkimin dediyinə əsasən, iki həftədən sonra fərdi məşqlərə başlayacaq. 4-5 həftədən sonra isə komandaya qoşulacaq. Amma əməliyyat əsnasında nə aşkarlanıbsa, bunu hələlik deyə bilmirəm. Təki həkimin dediyi kimi olsun.
- Sabir Buqrini mövsümün sonuna kimi saxlamaq mümkün deyildi?
- Sabirin getməyini heç kim - klub və mən istəmirdik. Onun gedişi bizim üçün xoş hal deyil. Amma biz onunla çox danışdıq, fikri buranı tərk etmək idi. Onun bütün fikri buranı tərk etmək idi. Bilmirəm maddiyat nə qədər önəmli rol oynadı. İstəyi gedib başqa yerdə oynamaq idi. Heç cür yola gətirə bilmədik. Klub olaraq fikirləşdik ki, oyunçu getmək istəyirsə, biz niyə qazanmayaq? Çıxış yolu olaraq bunu seçdik.
- Eddi İsrafilovun transferi ilə bağlı fikriniz necədir? Onun haqqında bəzi neqativ fikirlər var. Bu məsələlər sanki bu keçidi kölgədə saxladı. O, "Neftçi"yə nə dərəcədə faydalı olacaq?
- Millidə baş verənləri bilmirəm. Siyasi məsələləri futbolçunun özündən soruşun. Həmin ərəfədə nələr baş veribsə, özü ətraflı danışar. Düşünürəm ki, ən əsası Eddi İsrafilov yerli oyunçudur. Biz buna görə əziyyət çəkirdik, dəfələrlə gileylənmişik. Bu fürsət ələ düşdükdə onu trasfer etməli idik. Azərbaycanda olan "Neftçi"yə layiq olan futbolçuların hamısı ilə danışmışıq. Bu gün transfer etmək demək olar ki mümkünsüzdür. Ya klubları buraxmır, ya da elə maddi tələb qoyurlar, fikirləşirsən ki, ondansa iki Sabir Buqrin transfer edərəm.
- Azər Salahlının transferindən sonra Yusuf Lavalı fərqli mövqedə oynatmaq olarmı?
- Azər yerli oyunçudur. Əlimizdə belə futbolçuların olmağı xoşdur. Əfsuslar olsun ki, o, keçirdiyi əməliyyata görə ilk gündən bizimlə məşq edə bilmir. Ayın 15-dən sonra komandaya qoşulmağı gözlənilir. Hər mövqedə oyunçularımızın olmağı bizimdə qol-qanadımızı açır. Həm heyətdə rotasiyalar edə bilirik, həm fərqli sistemlərdən istifadə edirik.
- Trasfer işlərinə nöqtə qoyulub?
- Xeyr. Transfer çalışmalarımız davam edir.
- Hansı mövqeyə trasfer etməyi düşünürsünüz?
- Sabir Buqrinin gedişi demək olar ki, dəqiqləşib. Mamadu Kanenin vəziyyəti qeyri-müəyyəndir. Ən çox üzüldüyüm Romen Baskın getməyidir. Onu heç cür saxlaya bilmədik. O mövqedə bizdə boşluq yaranıb. Kane də getsə, onun mövqeyinə oyunçu axtaracağıq.
- Çempionluq mübarizəsi haqqında nə deyə bilərsiniz?
- "Qarabağ" elə komandadır ki, xal fərqi nə qədər olsa da, təzyiqini hiss edirsən. Hazırda xal fərqi elədir ki, bizim üçün həddən çox çətin olacaq, bunu gizlətməyək. Amma bir baş məşqçi kimi əminliklə deyə bilərəm ki, hələ ki, heç nədən qorxmamışıq.
- Futbolçuların "Neftçi"dən getməyinin səbəbi nədir?
- Bu, tək "Neftçi" ilə əlaqədar olan məsələ deyil. Bunu ümumi təhlil etməliyik.