Futbol üzrə Afrika Millətlər Kubokunda Tunis və Mali yığmaları arasında keçirilmiş F qrupunun I tur matçında qeyri-adi hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, görüşün baş hakimi Canni Sikazve iki dəfə qarşılaşmanı vaxtından əvvəl bitirib.
Əvvəlcə 85-ci dəqiqədə final fitini səsləndirən zambiyalı FIFA referisi futbolçuların etirazından sonra oyunu bərpa edib. Lakin baş hakim bu dəfə də 89-cu dəqiqədə matçın başa çatdığını elan edib.
Referinin ardıcıl kobud səhvlərindən sonra məsələyə qarışan Afrika Futbol Konfederasiyasının (CAF) nümayəndələri əlavə dəqiqələrin oynanılacağını açıqlayıb. Amma öncə Mali, ardınca isə Tunis millisinin futbolçuları meydana çıxmaqdan imtina ediblər.
Nəticədə görüş Mali seçməsinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 48-ci dəqiqədə İbrahima Kone vurub.