"Matçın erkən saatlarda olması sürəti aşağı sala bilər, amma layiqli qələbə qazandıq. Futbolçularımı təbrik edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Səbail"ə 5:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXI tur oyunundan sonra deyib.
50 yaşlı mütəxəssis bildirib ki, hər mövsüm qarşılarına yüksək hədəflər qoyurlar: "Belədə bütün matçlara qələbə hissi ilə çıxırıq. Hazırda çempionluq üçün lazım olan 13 xalı düşünmürük. Oyunumuzu yaxşılaşdırmaq barədə fikirləşməliyik".
Qurbanov görüşdən öncə bir az narahatlıq keçirdiyini söyləyib: "Fotbolçularım çoxdandır birlikdə deyildilər, ayrı-ayrı ölkələrin yığmasında idilər. Sevindirici haldır ki, hər şey qaydasında oldu. Amma oyunçular yığmanın düşərgəsinə yollanmamışdan öncə daha yaxşı durumda idilər. Hər bir halda problemlər, narahatlıq var idi. Bəzi oyunçuların yorğunluğu, idman formasından uzaqlaşması bizi düşündürürdü. Bir neçə məşq buraxmışdılar. Onların yenidən formaya düşməsi üçün vaxt lazım olacaq".
Təcrübəli baş məşqçisi bugünkü oyunda dubl edən Leandro Andradenin çıxışını dəyərləndirib: "Hər şey yaxşılığa doğru gedir. Futbolçularla ünsiyyəti, münasibəti yaxşıdır. Bu, vacib amildir. Bacarığı oyun üslubumuza uyğundur. Şanslardan yaxşı istfadə edə bilir. Potensialı böyükdür. Xarakter olaraq daha da böyüməlidir. Ümid edirik ki, bizim üçün daha faydalı olacaq".
O, sabiq futbolçuların Amin Qarayevin Gürcüstan millisinə dəvət olunmasına da münasibət bildirib: "Dünya futbolunda belə şeylər çox olur. Bəzən 10 - 12 yaşlı uşaqların perspektivlərini tam görə bilmirsən. Düşünmədiyin halda böyük dəyişikliklər olur. Həmin oyunçunu mən görməmişəm. Aşağı yaş qruplarında çıxış edib. Ailəsi də orada yaşadığı üçün, görünür, Gürcüstanda oynamaq futbolçu üçn daha rahatdır".