"Qarabağ"a qarşı mübarizə aparmaq çətin idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları Premyer Liqanın XXI tur oyunundan sonra deyib.
41 yaşlı mütəxəssis matçın rəqibin üstünlüyü şəraitində keçdiyini bildirib: "Bu gün əsasən səhvsiz oynamaq istəyirdik. Rəqib cari mövsüm yeganə məğlubiyyətləri bizdən alıb. Amma həmin dövrlə indiki arasında fərq var. Həm rəqib tamamilə çempionata köklənib, həm də bizdə zədəlilər çoxdur. "Qarabağ" hazırda ən yaxşı formada olan komandadır".
Hacıyev buraxılan erkən qolun böyükhesablı məğlubiyyətə gətirib çıxardığını söyləyib: "Qarabağ" bundan əvvəlki görüşlərdə də bu cür qələbələr əldə edib. Amma bunlar bəhanə deyil. Hazırda bizi düşündürən komandanın növbəti mövsümə daha yaxşı hazırlaşmasıdır. Bu barədə düşünməliyik. Hər oyun heyətimizdə kifayət qədər dəyişikliklər olur. Meydanda hər oyunçunu görmək istəyirik. Pozitiv nəsə demək çətindir. Məğlubiyyət bizi üzür. Qarşıda daha bir dövrə var. Turnir cədvəlində bizə yaxın rəqib "Sumqayıt"dır. Rəqabətdən geri qalmamağa çalışacağıq. Ən azından sonuncu pillədən qurtulmağa çalışacağıq".
O, "Səbail"dən heç bir futbolçunun Azərbaycan millisinə dəvət almamasına da toxunub: "Hazırda yığmanın əsasını ilk "dördlük"də qərarlaşmış komandaların oyunçuları təşkil edir. Bu baxımdan heç kimin çağırılmaması normaldır. Kimlərinsə adlarını çəkmək doğru olmaz. Amma orada çox futbolçu ilə təmsil olunmaq istərdik".
Baş məşqçi Yunanıstanın “Olimpiakos Volos” klubu ilə problem yaşayan Turan Bayramovun məsələsinə aydınlıq gətirib: "Bizim qorxduğumuz da bu idi. Ora gedəndə özünə də demişdim ki, Azərbaycan Premyer Liqasının reytinqi Yunanıstanın ikinci liqasından üstündür. İsrar etdiyi üçün şərait yaratdıq. Halbuki sol cinahda problemlərimiz var idi. Cavan oyunçudur, getmək istədi. Yaxşı ki, icarə əsasında göndərdik. Hazırda çətin anlar yaşayır".
Hacıyev hazırda komandanın gücləndirməyin qeyri-mümkün olduğunu söyləyib: "Artıq dördüncü dövrəyə giririk. Növbəti mövsümdə daha yaxşı komanda formalaşdırmaqla bağlı müzakirələr olub. Yəqin ki, yaxın vaxtlarda hansısa məsələlər haqqında konkret danışa bilərik. Əcnəbi futbolçularla bağlı problemlərimiz var. Çox az sayda legionerimiz mövcuddur. Yerli futbolçuların daha çox olması da çətinlik törədir. Çünki yerlilər arasında seçim etmək asan deyil. Heyətə əcnəbi futbolçular cəlb etsək, mübariz kollektiv yaratmaq olar. Fasilədə yoxlama görüşləri də keçirmədik ki, əlimizdə olan oyunçular zədələnməsin".
Heyətdə 3 qapıçının olduğunu xatırladan mütəxəssis hər birinin kifayət qədər şans qazandığını vurğulayıb: "Hüseynəli Quliyevin meydana çıxmaq vaxtı yetişib. “Sabah”la görüşdə bizi yaxşı mənada təəccübləndirmişdi. Düşünürəm ki, daha da inkişaf edə bilər. Gənc qapıçıdır, ona dəstək vermək istəyirik".
Hacıyev komandadakı bütün futbolçular sınamaq istədiklərini əlavə edib: "Rahid Əmirquliyevin oynadığı mövqedə başqa oyunçularımız da var, onları da meydanda görmək istəyirdik. Əlbəttə, Rahid üç il əvvəl üçüncü yeri tutanda gördüyünüz futbolçu deyil. Mövsümdən-mövsümə oyununda fərq olacaq. Hər kəsə şans verməyə çalışırıq. Təcrübəli futbolçularımız da bunu anlayışla qarşılayır"