"Serbiyada DÇ-2022-nin püşkatmasına gülürdülər".
Sportnet.az-ın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç dünya çempionatının püşkatması barədə "Fanday" nəşrinə müsahibəsində deyib.
45 yaşlı mütəxəssis Serbiya yığmasının qrupdakı 3 rəqibindən 2-nin yenə eyni komandalar olduğunu bildirib: "Görünür, kimsə 4 il ərzində topları dəyişdirməyi unudub, rəqiblər eynidir. Yalnız Kosta-Rikanı Kamerus əvəzləyib. Təbii ki, Braziliya qrupun favoritidir. Amma əvvəlcə İsveçrəyə borcumuz var. Qrupdan çıxmaq üçün real şans mövcuddur. Serbiyanın son iki ildə oynadığı futbolla mundialda daha uzağa gedə bilərik. Bu komandadan gözləntilər çox böyükdür. Gözlənilməz olan yeganə məqam dünya çempionatının ilk dəfə qışda keçirilməsidir. Noyabr - dekabrda kimin hansı fiziki durumda olacağını proqnozlaşdırmaq çətindir".
Serbiyalı baş məşqçi finalda favoritlərinin olmadığını sözlərinə əlavə edib: "İlk olaraq qrup mərhələsində futboldan həzz almaq istəyirəm. Daha sonra Serbiya ilə yanaşı, simpatiya bəsləyəcəyim komanda olacaq".
Obradoviç Serbiya seçməsinə rəhbərlik etmək arzusunun olduğunu da gizlətməyib: "Milliyə rəhbərlik etmək hər bir mütəxəssisin xəyallarının zirvəsidir. Hazırda komandaya böyük mütəxəssis Draqan Stoykoviç rəhbərlik edir. Onun AVRO-2024-ün sonunadək müqaviləsi var. Yəni, mənim təyinatım baş versə, tezliklə olmayacaq".