
Futbol üzrə Azərbaycan Kubokunda digər finalçının adına aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda səfərdə "Neftçi"ni məğlub edən "Zirə" həlledici qarşılaşmada "Qarabağ"ın rəqibi olub.
Matçın əsas və əlavə vaxtında hesab açılmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Bu zaman qonaqlar daha dəqiq (4:2) oynayaraq, finala adlayıb.
"Ağ-qaralar"dan Emin Mahmudov, Tiaqo Bezerra, "qartallar"dan Hamidu Keyta, Təmkin Xəlilzadə, Qismət Alıyev və Davit Volkov fərqləniblər.
"Neftçi"dən Eddi İsrafilov və Gilyerme Pato isə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.
Komandalar arasındakı ilk matçda qapılara qol vurulmamışdı.
Qeyd edək ki, Azərbaycan Kubokunun həlledici görüşü mayın 27-də olacaq.
---------------------------------------
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub.
Sportnet.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda "Qəbələ"ni 5:0 hesabı ilə darmadağın edən "Qarabağ" həlledici qarşılaşmaya vəsiqə qazanıb.
"Azersun Arena"dakı matçda hesabı 5-ci dəqiqədə Ramil Şeydayev açıb. 8 dəqiqə sonra Kadi Borges fərqi artırıb. Braziliyalı yarımmüdafiəçi 17-ci dəqiqədə dublunu rəsmiləşdirib. 37-ci dəqiqədə Leandro Andrade növbəti dəfə qonaqları meydanın mərkəzinə dəvət edib. 58-ci dəqiqədə isə Şeydayev özünün 2-ci, komandasının 5-ci qolunu vurub. Ağdam təmsilçisi Qəbələdəki ilk oyunda da qalib gəlmişdi - 3:1.
Uzun müddətdir zədədən əziyyət çəkən "köhlən atlar"ın ispaniyalı vingeri Xayme Romero 225 gündən sonra meydana qayıdıb. 89-cu dəqiqədə isə meydan sahiblərindən Bəhlul Mustafazadə rəqibin təhlükəli hücumunun qarşısını almağa çalışarkən zədələnib.
Qeyd edək ki, "Qarabağ"ın finaldakı rəqibi "Neftçi" - "Zirə" cütünün qalibi olacaq. Bu komandalar arasındakı ilk oyunda hesab açılmayıb.
-------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bununla da turnirin finalçıları müəyyənləşəcək.
Günün ilk matçında "Qarabağ" "Qəbəl"ni qəbul edəcək. "Azersun Arena"dakı görüşün baş hakimi Elçin Məsiyev olacaq. "Köhlən atlar" səfərdəki ilk qarşılaşmada 3:1 hesablı qələbə qazanıb.
Yarımfinalın digər oyununda "Neftçi" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirəcək. "Bakcell Arena"dakı matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Komandalar arasında ilk görüş qolsuz heç-heçə ilə başa çatıb.
Azərbaycan Kuboku, yarımfinal
Cavab oyunları
29 aprel (cümə)
17:30. "Qarabağ" - "Qəbələ" - 5:0
Qol: Ramil Şeydayev, 5. 58 Kadi Borges, 13 (p), 17. Leandro Andrade, 34.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
"Azersun Arena".
İlk oyun - 3:1
20:30. "Neftçi" - "Zirə" - 0:0 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 2:4)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Bakcell Arena".
İlk oyun - 0:0
Qeyd edək ki, Azərbaycan Kubokunun finalı mayın 27-də olacaq.