Uzun fasilədən sonra yenidən Azərbaycan milli komandasına dəvət alan müqavilə üzrə "Neftçi"yə məxsus qapıçı, ötən mövsümü "Zirə" və "Səbail"də keçirmiş Rəşad Əzizlinin Sportnet.az-a müsahibəsi
- Yenidən yığmaya dəvət aldığınız üçün hansı hissləri keçirirsiniz?
- Təbii ki, öz növbəmdə, dəvətə görə təşəkkür edirəm. Çox şadam. Hər zaman millidə oynamaq istəyirəm. Sadəcə, qismət bu günə imiş. Etimadı maksimum dərəcədə doğrultmağa çalışacağam.
- Çoxdandır mediada görünmürsünüz. Yada salan yoxdur, yoxsa özünüz danışmaq istəmirsiniz?
- Yox, sağ olsunlar, yada salanlar var. Sadəcə, istədiyim qədər oynamırdım deyə, danışmaq istəmirdim.
- Son klubunuz "Səbail"dəki mövsümü necə dəyərləndirirsiniz?
- Turnir cədvəlində tutduğumuz yer ürəkaçan olmadı. Futboldur, çempion bir komanda olur. Qarşıya baxmaq lazımdır. Sırf öz oyunum haqqında nə isə danışmağım qeyri-peşəkarlıq olar. Hər halda milliyə dəvət almışam, bunu yalnız yüksək qiymətləndirə bilərəm. Fürsətdən istifadə edib Aftandil Hacıyevə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayıram.
- "Zirə"də lazımınca şans qazanmamışdınız. Deyilənə görə, Rəşad Sadıqovla aranda problem olub...
- Rəşad Sadıqovla aramda heç bir problem yoxdur, hər şey qaydasındadır. Əksinə, komandadan gedəndə mehribanlıqla ayrılıb, onlara uğurlar arzuladım. Qarşı tərəfdən də eyni hörməti gördüm. Bunu az şans almağımla əlaqələndirmək düzgün olmaz. Bu məntiqlə yanaşsaq, onda az şans alan bütün futbolçuların məşqçilərlə aralarında problem var (gülür).
- Yeni klubunuz barədə nə deyə bilərsiniz: Bu istiqamətdə hansı yeniliklər var?
- "Neftçi" ilə 1 illik müqaviləm var. Yaxın zamanda daha geniş formatda müzakirə edib, müvafiq qərar verəcəyik. İnanıram ki, hər şey istədiyimiz kimi olacaq.
- Deyirlər, yerli məşqçilər yerli qapıçılara qənim kəsilib, onlara az şans verirlər. Bu fikirlə nə dərəcədə razısınız?
- Təbii ki, razı deyiləm. Hər bir baş məşqçi çalışır ki, ən yaxşı oyunçusu meydanda olsun, komanda qələbə qazansın. Heç kim yaxşı oyunçudan imtina etməz. Qapıda 1 oyunçu olur deyə, mübarizə daha gərgin olur. Adicə çempionatda yerli qapıçılar çox idi, hətta gənclərə də şans verildi. Bu cəhətdən hər şeyin qaydasında olduğunu düşünürəm.
- Səncə, milli komanda qarşıdakı seçmə mərhələdə azarkeşləri sevindirə biləcək?
- Bilirsiniz, hər bir futbolçu meydana qələbə üçun çıxır. Sırf mənə görə, istək və inam uğurun yarısıdır. Komandamızın baş məşqçisi Canni De Byazi uşaqları yalnız qələbəyə kökləyir, yaxşı motivasiya verir. İçi mən qarışıq, hər bir futbolçu həvəslidir. İnanıram ki, yaxşı çıxış edib azarkeşləri sevindirəcəyik. Hər kəsi stadionda gözləyirik.
Ağa DADAŞZADƏ