"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Polşanın "Lex" klubu 1922-ci ildə yaradılıb.
Sportnet.az-ın məlumatına görə, bu il 100 illiyini qeyd edən Poznan təmsilçisi ev oyunlarını 43 269 azarkeş tutumuna malik "Miejski" stadionunda keçirir.
"Lex" 1948-ci ildə debüt etdiyi Polşa çempionatında 8 dəfə qalib olub. Komanda 5 dəfə Polşa Kubokuna, 6 dəfə isə Polşa Super Kubokuna yiyələnib. Klubun prezidenti Karol Klimçak, baş məşqçisi isə Matsey Skorjadır.
Ölkə çempionu avrokuboklardakı ən böyük uğurunu 2009 və 2011-ci illərdə əldə edib. Həmin vaxt Polşa təmsilçisi UEFA Avropa Liqasında 1/16 finaladək irəliləyib.
"Qəbələ" və "İnter"in (hazırkı "Şamaxı") sabiq futbolçusu Nika Kvekveskiri də hazırda bu klubun formasını geyinir. 30 yaşlı yarımmüdafiəçi 2015/2016 mövsümündə Bakı təmsilçisində, 2016/2017 mövsümündə isə "qırmızı-qaralar"da çıxış edib.
"Qarabağ" ilk oyununu 5-6 iyulda səfərdə, cavab qarşılaşmasını isə 12-13 iyulda evdə keçirəcək.