"Səbail" klubunun baş məşqçisi Mahmud Qurbanovun Sportnet.az-a müsahibəsi
- Qarşınıza hansı hədəflər qoyulub?
- Konkret hədəf barədə çempionat başlayandan sonra danışmaq olar. İndi bu mövzuda danışmaq hələ tezdir. İstəklərimiz var, böyük nailiyyətlərdən danışmaq tez olar. Ümumi olaraq məşqlərimizi edirik, çempionata ruh yüksəkliyi ilə hazırlaşırıq.
- Yeni transferləriniz haqqında nə düşünürsünüz? Komandaya istənilən kimi kömək edə biləcəklər?
- Düşünürəm ki, bizə kömək edə biləcək, istədiyimiz kimi çıxış edəcəklər. Onlara inamımız böyükdür, əks halda burada olmazdılar. Eyni zamanda, həmin futbolçulardan tələblər də böyük olacaq.
- Yeni transferlər gözlənilir?
- Maraqlandığımız futbolçular var. İstəyirik, hər mövqedə normal oyunçular olsun. Bir neçəsi ilə danışıq aparırıq, amma sayları çox deyil.
- Yerli oyunçulardır, yoxsa legionerlər?
- Qapıçının yerli olmasını istəyirik. Onların arasında Emil Balayev də var. Digər mövqelərə isə əcnəbi axtarırıq.
- Komanda bir müddətdir toplanışdadır. Mənfi və müsbət cəhətlər kimi nələri qeyd edə bilərsiniz?
- Deyim ki, nədənsə narazıyam, düz olmaz. Bu haqda çempionat başlayandan sonra geniş danışa bilərik. Amma istəyimiz yaxşı çıxış etməkdir. Bu futboldur, çatışmazlıqlar həmişə var. Nə qədər düzəltməyə çalışsan da, yenə olacaq. Amma çempionata qədər çalışacağıq ki, maksimum dərəcədə problemləri aradan qaldıraq.
- Komandanın büdcəsi barədənə deyə bilərsiniz?
- Büdcə haqqında məlumatım yoxdur. Əsas odur ki, istədiyimiz futbolçular buradadırlar. Ümid edirəm ki, maraqlandığımız futbolçular bizimlə olacaq.
- Ötən mövsüm komandada ciddi maliyyə problemləri var idi. Onların təkrar olunmayacağı barədə klub rəhbərliyi hansısa vədlər verib?
- Rəhbərlik əlindən gələni edir ki, həmin problemlər olmasın.
- Bir müddət öncə "Səbail" klubu analoqu olmayan qeyri-peşəkarlığa imza atdı. Bir həftə ərzində sabiq baş məşqçi Aftandil Hacıyevlə müqavilə imzalayıb onu ləğv etdilər. Eyni halın sizin başınıza gələ biləcəyindən ehtiyat edirsiniz?
- Açığı, o barədə heç düşünmürəm. İstəyirəm, nəticəmiz yaxşı olsun ki, burada uzun müddət fəaliyyətimizi davam etdirək.