Bu gün 2024-cü il dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılacaq.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan milli komandasının da rəqibi bəlli olacaq. Mərasim Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Komandalar artıq səbətlərə bölünüb. Reytinq cədvəlində 7-ci pillədə qərarlaşan Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv 1-ci səbətdə yer alıb.
1-ci səbət: Portuqaliya (son qalib), İspaniya, Qazaxıstan, Xorvatiya, Serbiya, Azərbaycan, Ukrayna, İtaliya, Çexiya, Gürcüstan, Finlandiya, Slovakiya
2-ci səbət: Sloveniya, Bosniya və Herseqovina, Polşa, Rumıniya, Niderland, Belarus, Macarıstan, Fransa, Belçika, Latviya, Şimali Makedoniya, Moldova
3-cü səbət: Monteneqro, Kosovo, Norveç, Danimarka, İsveç, Ermənistan, Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Avstriya
Seçmə mərhələnin matçları 2022-ci il 12 - 21 sentyabr, 3 - 12 oktyabr, 6 - 9 noyabr və 2023-cü il 27 fevral – 8 martda oynanılacaq.
Qeyd edək ki, əsas mərhələdə 36 komanda iştirak edəcək. Yığmalar hər birində 3 iştirakçı olmaqla 12 qrupa bölünəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit-raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra - 10 - 19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq.