
"Bakı" klubunun və Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyevin Sportnet.az-a müsahibəsi
- Topaz Premyer Liqasının XXXIV turunda "Qəbələ" ilə keçirdiyiniz oyun öncəsi komanda üzvləriniz əmək haqqını ala bilmədiklərini deyərək, etirazlarını bildirdilər. Həmin qiyamçıların önündə daha çox Sizin adınız hallandırılırdı. Nə baş vermişdi?
- Topaz Premyer Liqasının XXXIV turunda "Qəbələ" ilə keçirdiyiniz oyun öncəsi komanda üzvləriniz əmək haqqını ala bilmədiklərini deyərək, etirazlarını bildirdilər. Həmin qiyamçıların önündə daha çox Sizin adınız hallandırılırdı. Nə baş vermişdi?
- Mən deməzdim ki, elə də böyük etiraz oldu. Ümumiyyətlə, bu məsələ çox şişirdildi. Belə gecikmələr həmişə olur, yəni, bütün klublarda da belə hallar yaşanır. Hazırda bu məsələnin həllini gözləyirik. Biz rəhbərliyimizə inanırıq. Ümid edirik ki, məsələ qısa müddətdə həllini çatacaq. Çünki rəhbərliyimiz bizə heç vaxt problem yaratmayıb.
- Nə qədər vaxt idi ki, pullarınızı ala bilmirdiniz?
- Elə də çox deyil, az müddətdir.
- Komanda yoldaşınız Əfran İsmayılovla yaxşı münasibətiniz var. Siz hara getsəniz, o da yanınızda olur. Misal üçün, siz "Qarabağ”dan "Bakı”ya keçdiniz, bir az sonra o da gəldi. Sizcə bu nə ilə bağlıdır?
- Burada qeyri-adi bir şey yoxdur. Təsadüfi olan şeydir. Bir də ki, Əfran lazımlı futbolçudur.
- Azərbaycan millisinin qarşıda ABŞ-la yoxlama oyunu var. Sən də yığmamızın aparıcı üzvü kimi, bu oynun barədə nə deyə bilərsən?
- İnşallah, toplanış olacaq. O da uzaq bir ölkədə - ABŞ-da baş tutacaq. Mən hazırda yolu fikirləşirəm. Çox uzaq yoldur. Görək, necə olacaq.
- "Qarabağ”ın braziliyalı futbolçusu Reynaldonun milliləşdirilmə məsələsi gündəmdədir. Bununla bağlı nə deyə bilərdiniz?
- Fikirləşirəm ki, milli komandamızda ancaq yerli futbolçular olsa, daha yaxşı olar. Çünki bu komanda adından göründüyü kimi, milli oyunçular üçündür. Hazırda Azərbaycan yığmasında milliləşdirilmiş 5-6 futbolçu var, amma belə baxanda, heç yararlı deyillər. Bizimkilər onlardan daha yaxşı oynayır. Reynaldo onların yerinə oynasa, yenə nəsə alınar. Amma, hesab edirəm ki, millidə azərbaycanlı futbolçular olmalıdır.
- Reynaldo bu mövsümün bombardiridir. O, milliyə gəlsə, şəxsən sizə problem yaratmayacaq?
- Bunlar uzun söhbətlərdir. Amma inanmıram ki, Reynaldo millidə mənə problem yaratsın. Çünki mən həmişə çalışmışam, oynamışam. Hesab edirəm ki, rəqabət olsa, lap yaxşı olar.
- Bəs, Reynaldo hücum xəttində sizinlə bərabər oynasa, sizin çıxışınıza köməyi olar?
- Vallah, nə deyim? Onu stadionda görə bilərik. Oyunçu var ki onunla bağlı çox şey deyirlər, amma meydana çıxanda heç nə edə bilmir. Ona görə bir şey deyə bilmərəm. Hər şey ola bilər.