"Bilirsiniz ki, klublarımız həm Çempionlar Liqası, həm də Avropa Liqasında oynadığı üçün buraya istədiyimiz heyəti gətirə bilmədik. Üstəlik, Premyer Liqa başlayırdı. Ona görə daha gənc heyətlə gəldik".
Sportnet.az-ın Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev V İslam Həmrəyliyi Oyunlarında Əlcəzair millisinə penaltilər seriyasında qalib gələrək, bürünc medal qazandıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
43 yaşlı mütəxəssis əvvəlcə qrupdan çıxacaqlarını gözləmədiklərini bildirib: "Amma uşaqlar əllərindən gələni etdilər. Yarımfinala adladıq. Artıq iştah yarandə ki, finalda oynayaq. Təəssüf ki, alınmadı. 3-cü yer uğrunda gərgin mübarizə getdi. Penaltilər seriyasında qələbə qazanıb, 3-cü yeri tutduq".
Əliyevin sözlərinə görə, oyunun gedişatı əsas vaxtın qolsuz başa çatacağını göstərirdi: "Sona 2-3 dəqiqə qalmış 11 metrlik cərimə zərbələrini kimlərin vuracağını müəyyənləşdirirdik".
Baş məşqçi "Qarabağ"ın yarımmüdafiəçisi İsmayıl İbrahimlinin bugünkü qarşılaşmada meydana çıxmamasının səbəbini açıqlayıb: "Təəssüflər olsun ki, matça 2-3 saat qalmış özünü narahat hiss etdi. Bu səbəbdən riskə getmədik. Onun əvəzinə meydana çıxan futbolçu meydanda əlindən gələni etdi".
O, İslamiadanın elə də prestijli yarış olmaması fikirləri ilə razılaşmadığını söyləyib: "Ola bilər, digər idman növlərində belə deyil. Amma futbolda hamısı güclü rəqiblər idi. Türkiyə, Səudiyyə Ərəbistanı, Əlcəzair buraya güclü heyətlə gəlmişdi. Bizdəki oyunçuların əksəriyyəti isə növbəti seçmə mərhələdə U-21-i təmsil edəcək. İslamiada bizim üçün böyük təcrübə oldu. 4 oyunun gələcəkdə nəticə qazanmaq baxımından yığmaya xeyiri dəyəcək".