"Ölkəniz haqqında təəssüratlarım çox yaxşıdır. Azərbaycan xoşuma gəldi. Bakı isə həqiqətən çox gözəldir. Bu şəhər günü-gündən inkişaf edir. Düşünürəm ki, Bakı dünyanın müasir şəhərlərindən biridir".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail"in yeni transferi Petro Stasiuk klubun rəsmi saytına müsahibəsində Azərbaycanla bağlı danışarkən deyib.
Ukraynalı müdafiəçi bildirib ki, "dənizçilər"ə keçidindən əvvəl Premyer Liqa barədə məlumatı olub: "Burada mənim dostlarım çıxış edir. Komandamla bağlı ilk təəssüratlarım müsbətdir. Düzdür, hər kəslə tanış olmağa vaxtım olmayıb. Amma oyunda birlikdə olduğum yoldaşlarım məni çox mehriban qarşıladılar. Onlar komandaya uyğunlaşmağıma da kömək edirlər. Qısa müddətdə digərləri ilə də tanış olacağam. Beləliklə, uyğunlaşma prosesim daha da tezləşəcək".
27 yaşlı futbolçu "Səbail"dəki həmyerlisi Maksim Çexlə yenidən eyni komandada çıxış etməsini yaxşı hal adlandırıb: "Onunla bir ildən artıq Donetsk “Şaxtyor”unda çıxış etmişik. Düşünürəm ki, yenidən eyni komandada çıxış etməyimiz amil adaptasiya prosesimi daha da asanlaşdıracaq".
O, yeni komandasındakı hədəfini də açıqlayıb: "Məqsədim komandanın uğur qazanmasıdır. İlk növbədə cari mövsüm üçün hədəflərimizə çatmağa kömək etmək istəyirəm".
III turun "Şamaxı" ilə səfər matçında (1:1) "dənizçilər"in heyətində ilk oyununa çıxan Stasiuk debütü haqqında bunları deyib: "Qalib gəlmək istəyirdim. Təəssüf ki, bu baş vermədi. Buna görə də ilk matçımdan razı olduğumu deyə bilmərəm. Ancaq bu mövsümə böyük ümidlər bəsləyirəm və hər şeyin daha yaxşı olacağına əminəm".
Təcrübəli müdafiəçi sonda azarkeşlərə səslənib: "Komandamız yeni qurulub. Buna görə də onlar bir az səbirli olmalıdırlar. Tez bir zamanda bu komandanın yaxşı nəticələr əldə edəcəyinə əminəm. Tərəfdarlarımızı bütün gücünü meydanda komandası üçün sərf edəcək Petro gözləyir. Bunu əminliklə deyirəm və azarkeşlərimizin də buna inanmasını istəyirəm. Dediyim kimi, komandama və bu mövsümdə hər şeyin bizim üçün yaxşı olacağına ümidim böyükdür. Bu yolda əlimdən gələnin ən yaxşısını edəcəyəm".