Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 6 konfederasiyanın klub yarışlarında indiyədək ən çox qol vurmuş futbolçuları açıqlayıb.
Sportnet.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kriştianu Ronaldu UEFA turnirlərində 143 qola imza atıb.
37 yaşlı portuqaliyalı hücumçu digər konfederasiyalardakı rekordçulardan xeyli irəlidədir.
Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) ekvadorlu Alberto Spenser klub turnirlərində 58 dəfə fərqlənməyə müvəffəq olub. 2006-cı ildə 68 yaşında ikən vəfat etmiş keşmiş oyunçunun rekordu 50 ildir əlçatmaz qalıb.
Afrika Futbol Konfederasiyasında (CAF) Konqo Demokratik Respublikasından olan Trezor Mputu 56, Asiya Futbol Konfederasiyasında (AFC) monteneqrolu Deyan Damyanoviç 43 qol, Okeaniya Futbol Konfederasiyasında Solomon adalarından olan Benjamin Totori 28, Şimali və Mərkəzi Amerika Karib hövzəsi zonasında (CONCACAF) meksikalı Xavyer Orosko 24 qolla rekordçudur.