Bosniya və Herseqovinadan olan futbol hakimi İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununa təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, 38 yaşlı referi Yunanıstanda "Olimpiakos"a qarşı Avropa Liqasının qrup mərhələsinin III tur matçında əsas söz sahibi olacaq.
Pelto daha əvvəl "köhlən atlar"ın Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub etdiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşmasında iş başında olub.
Ədalət təmsilçisi həmin görüşdə 6 sarı vərəqə göstərib. Bunların 2-də meydan sahiblərinin, 4-də isə qonaqların oyunçuları cəzalanıb.
Bundan əlavə, Bosniya və herseqovinalı hakim Azərbaycan yığmasının 2021-ci ilin sentyabrında Lüksemburqa səfərdə 1:2 hesabı ilə məğlub olduğu DÇ-2022-nin seçmə oyununu da idarə edib.
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.