Bakı kənd və qəsəbələri arasında futbol turnirinin açılış mərasimi olub.
Sportnet.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışlarda 32 kənd və qəsəbənin uşaq futbol komandası mübarizə aparacaq.
Açılış mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Müdafiə Sənayesi naziri Mədət Quliyev, Millət Vəkili, AFFA İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev, "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov, futbol üzrə Azərbaycan milli komandasının üzvləri Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Azər Salahlı və Elvin Camalov iştirak ediblər.
İştirakçı komandaların rəsmi düzülüşündən sonra çıxışlar olub.
Bakı Abadlıq Xidmətinin rəhbəri Bünyad Qasımov çıxışında təşkilatçılıq üçün Gənclər və İdman Nazirliyinə minnətdarlıq edib.
Daha sonra söz alan Millət Vəkili, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev çıxış edərək bildirib ki, Azərbaycan daim idman ölkəsi kimi tanınıb. O, futbolun inkişafı baxımından bu cür turnirlərin keçirilməsinin vacibliyini vurğulayıb. Rauf Əliyev qeyd edib ki, azyaşlı futbolçular arasından seçilənlər gələcəkdə peşəkar oyunçular kimi ölkə futbolunun inkişafında rol ala bilərlər.
Azərbaycan Müdafiə Sənayesi naziri, Velosiped Federasiyasının prezidenti Mədət Quliyev də öz çıxışında yarışın əhəmiyyətindən bəhs edib. O, iştirakçılara müraciət edərək onların öz gələcəklərinin özülünü qoyduqlarını vurğulayıb. Mədət Quliyev qeyd edib ki, qaliblərə velosiped təqdim olunacaq. O, bütün iştirakçılara və təşkilatçılara öz təşəkkürünü çatdırıb.
Gənclər və İdman naziri Fərid Qayıbov isə çıxışına iştirakçı komandaları salamlamaqla başlayıb. Nazir bu yarışda kimin qalib olmasından asılı olmayaraq, bütünlükdə hər iştirakçının qalib olduğunu, qalib xalqın nümayəndəsi olduğumuzu bildirib. Daha sonra UEFA Avropa Liqasında uğurlu çıxışı ilə fərqlənən "Qarabağ" klubuna təbrik və təşəkkürünü çatdıran Fərid Qayıbov yarışı rəsmi olaraq açıq elan edib.
Turnir iştirakçıları mərasimdə iştirak edən futbolçularla, eləcə də Qurban Qurbanovla şəkil çəkdirib, onlardan avtoqraf alıblar.
Yarışın ilk matçından əvvəl çıxış edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu turnirin onu 37 il əvvələ, uşaqlıq yaşlarına apardığını qeyd edib. Qurbanov peşəkar futbolçuların məhz bu cür yarışlardan sonra üzə çıxdığını vurğulayıb.
Daha sonra onun topa ilk toxunuşu ilə oyun başlayıb.
Qeyd edək ki, yarışlara ümumilikdə 2010-2011-ci il təvəllüdlü 350-dən çox uşaq cəlb olunub. 8 qrupda start götürəcək turnirə noyabrın 13-də final qarşılaşması ilə yekun vurulacaq ("Report").