Elşən MƏMMƏDOV
Özüm heç bir klubun azarkeşi deyiləm. Sadəcə, imkan düşdükcə brend klubların stadionlarına, fan-şoplarına baş çəkməyi, atributlarını almağı çox sevirəm. Ən çox bəyəndiyim klub isə Dortmund "Borussiya"sıdır. 2015-ci ildə "Qəbələ"nin bu komanda ilə Avropa Liqasında keçirdiyi səfər oyununa yollanarkən, seçimimdə yanılmadığıma əmin olmuşdum.
Almaniyanın adlı-sanlı kubunun təkcə stadionu, arenanın aura və akustikası nəyə desən, dəyərdi. Rəngləri isə daha cəlbedici gəlirdi. Sarı və qara sanki bir-birini tamamlayan elit rənglərin sintezi idi.
İllər keçdi və mən bu rəngləri İctimai Televiziyada (İTV) gördüm. Son illər bir çox dəyişikliklərə imza atan telekanalın sarı-qara rənglərə keçidi sanki onu daha da önə çıxarıb. Hətta o dərəcədə ki, şəhərdə sarı-qara kuzova malik hansısa maşın görəndə onu İTV-nin çəkiliş avtomobilinə bənzədirsən.
Maraqlıdır ki, Avropa göy qitə sayılsa da, sarı-qara rəngləri bir çox yerlərində göz oxşayır. Bəs Azərbaycanda necədir?
Vaxtilə sarı-qara rəngdə bir klubumuz var idi - "Simurq". Amma onun böyük qardaşı "İnter" (indiki "Şamaxı") göy rəngi özünə simvol seçmişdi. Eləcə də digər klublarımızın əksəriyyəti. Hansına baxırsan göy rəngdədir. Son illər "Sumqayıt" göyü bənövşəyi, bu ildən isə "Sabah" çəhrayıya çevirib. "Neftçi", "Qəbələ" və qismən də "Qarabağ"ı çıxmaqla, qalanlarının hamısı göy rəngdədir.
Baxıram, Peşəkar Futbol Liqası (PFL) da qalmayıb onlardan dala. Özünün hazırkı loqosu göy olduğu kimi, elan etdiyi loqo müsabiqəsi üçün eskizlər də demək olar ki, gömgöy rənglərə bürünüb. Sanki hamısı bir-biri ilə danışıb-razılaşıblar ki, qalib gəlmək üçün mütləq bu rəngi seçməliyik.
Açığı, bəyənmədim. Təkcə rənglərinə görə yox, həm də necə deyərlər emosiya, kreativlik çatışmadığı üçün... Əziyyəti olan namizəd müəlliflərin əməyinə hörmətlə yanaşı, əmin edirəm ki, PFL-in hazırkı əməkdaşları bunlardan daha yaxşısını hazırlayardılar.
Görünür, CBC Sport-dakı dostlarımızın göy rəng barədə süjetindən ilhamlanıblar