
Heç bir oyuna əvvəlcədən proqnoz verə bilmirəm. Amma "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasındakı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçının gedişində hesabın qolsuz heç-heçə olacağı görünürdü və belə də oldu.
"Olimpiakos"un meydana qələbə yox, ilk xalı qazanmaq üçün çıxdığı açıq-aydın hiss edilirdi. Oyunboyu müdafiə futbolu sərgiləyib ilk təhlükəli vəziyyəti 22-ci dəqiqədə yaratması, ikinci hissədə isə futbolçularının adi vəziyyətlərdə yerə yıxılaraq, vaxt itirmələri rəqibin Bakıda 3 xala can atmamasının bariz sübutu idi.
Bunun da səbəbi var idi. Cəmi bir həftə əvvəl Yunanıstanda 0:3 hesablı məğlubiyyət "Olimpiakos"un gözünü əməlli-başlı qorxutmuşdu. Bu qorxaqlıq oyuna da sirayət etmişdi. Hətta qrupda "Nant"ın Fransada Almaniya "Frayburq"u ilə görüşdə ilk yarıdaca hesabda geri düşməsi və sona doğru darmadağına sürüklənməsi də "Olimpiakos"u yerindən tərpətmədi. Halbuki bu vəziyyətdə bircə qolla qələbə rəqibə hətta 2-ci yer uğrunda mübarizə şansı verə bilərdi.
Azərbaycan təmsilçisi üçün isə heç-heçə mübarizəni Avropa Liqasında davam etdirmək baxımından heç də sərfəli deyildi. Bu halda "Qarabağ" ardıcıl ikinci mövsüm ən azı Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin etsə də, qalan 2 turda işini çətinə salmış olurdu. Növbəti tur Fransada "Nant"a uduzma, son turda isə "Frayburq"a qalib gələ bilməmə ehtimalı Avropa Liqasının 1/8 finalından məhrumiyyət bahasına başa gələ bilərdi.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən turla müqayisədə start heyətdə cəmi bir dəyişiklik etmiş, Leandro Andradeni Ramil Şeydayevlə əvəzləmişdi. Bu isə başadüşülən idi. Şeydayev Yunanıstandakı möhtəşəm çıxışının davamını doğma meydanda da gətirə bilərdi. Bu, həm də Qurbanovun yalnız qələbəni düşünməsindən xəbər verirdi.
"Olimpiakos"un baş məşqçisi Miçel isə 3 top buraxmış qapıçı Kostas Tsiolakisi Aleksandros Pasxalakislə, azarkeşlərə cavab qaytardığı üçün əvəzedici komandaya göndərdiyi Pape Abu Sisseni Sokratis Papastatopulosla, Qonsalo Avilanı Andreas-Riçardos Ntoi ilə, yarımmüdafiədə Yann Mvilanı Marius Vrusai ilə, hücum xəttində isə Qarri Rodrigesi Agibu Kamara ilə əvəzləmişdi. Bu oyunçulardan Papastatopulos 2018-ci ildə İngiltərə "Arsenal"ının heyətində Avropa Liqası matçında "Qarabağ"a qarşı çıxış etmiş, hətta Bakıda 3:0 hesablı qələbə qazandıqları görüşdə ilk qolun müəllifi olmuşdu. Elə daha bir müdafiəçi Şime Vrsalko da İspaniya "Atletiko"sunun heyətində 2017-ci ildə Çempionlar Liqası matçında "Qarabağ"a qarşı çıxışı ilə yadda qalmışdı. Həmin görüş də qolsuz yekunlaşmışdı.
Bu dəyişikliklər, artıq "Qarabağ"ı praktiki tanıması "Olimpiakos"u müdafiədə daha ehtiyatlı oyuna sövq edirdi. Meydan sahibləri oyunboyu hücumda olmalarına baxmayaraq, rəqib müdafiəsini yarmaqda çətinlik çəkirdilər. Təsadüfi deyil ki, Yunanıstan komandasının qapı çərçivəsinə doğru bir zərbə belə qeydə alınmadı.
Ümumilikdə matç o qədər də maraqlı və gərgin keçmədi. Tribunaların tamamilə dolu olması və azarkeş dəstəyinə baxmayaraq, "Qarabağ"ın hücumları elə də effektli alınmadı. Üstəlik, komanda zədə problemi ilə də üzləşdi: Kadi Borges ayağında ağrılar hiss etdiyi üçün 62-ci dəqiqədə yerini Filip Ozobiçə verdi.
"Qarabağ" növbəti oyununu oktyabrın 27-də Fransada "Nant"a qarşı keçirəcək. Rəqib hazırda heç də yaxşı vəziyyətdə deyil, həm Liqa 1-də, həm də Avropa Liqasında məğlubiyyətləri sıralayır, orada da, burada da sondan ikinci yerdə gedir. Uğursuzluq səbəbindən baş məşqçi Antuan Kombuarenin istefası gerçəkləşmək üzrədir. Bu halda "Qarabağ" ardıcıl ikinci səfər matçında yeni baş məşqçiyə malik komanda ilə üz-üzə gələcək. Düzdür, Qurban Qurbanov bu məqamdan çəkindiyini "Olimpiakos"la qarşılaşmadan öncə açıqlamışdı. Amma Yunanıstandakı hesab göstərdi ki, yeni baş məşqçi gələn kimi vəziyyəti dəyişmək heç də asan deyil.
Necə deyərlər, hər şey qaydasındadır. Yola davam!