UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Nant" komandası Fransa Liqa 1-də XI tur matçını keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib "Brest" klubu olub. Nant şəhərindəki "Bojuar" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:1.
12-ci dəqiqədə yerli komandadan Lüdovik Bles penaltini dəqiq yerinə yetirə bilməyib. Hesabı 18-ci dəqiqədə qonaq komandanın futbolçusu Noy Fadiqa hesabı açıb. Bununla belə, 35-ci dəqiqədə Moyzes Simon penaltidən fərqlənməklə, bərabərliyi təmin edib. Cəmi 1 dəqiqə sonra İqnatius Qanaqo "Nant"ı hesabda önə çıxarıb. İkinci hissədə isə Mostafa Məhəmməd 71-ci, Mussa Sissoko isə 88-ci dəqiqədə qol vuraraq, böyük hesablı qalibiyyəti rəsmiləşdiriblər.
Beləliklə, 5 oyundan sonra qələbə qazanan "Nant" 10 xalla 14-cü pilləyə yüksəlib. "Brest" isə 6 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Nant" və "Qarabağ" oktyabrın 27-də üz-üzə gələcək. Bu komandalar arasında sentyabrın 15-də Bakıda keçirilmiş görüşdə Azərbaycan təmsilçisi böyük hesablı qələbəyə imza atıb - 3:0. Hazırda F qrupuna 12 xalla Almaniya "Frayburq"u başçılıq edir. "Qarabağ" 7 xalla 2-ci, "Nant" 3 xalla 3-cüdür. Sonuncu yerdə gedən Yunanıstan "Olimpiakos"unun 1 xalı var.