
"Bütün görüşlər bizim üçün finala bərabər olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Joze Alesio Da Silva futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunları ilə bağlı federasiyanın rəsmi saytına açıqlamasında bildirib.
Braziliyalı mütəxəssis Bosniya və Herseqovinanın Mostar şəhərində qarşılaşmaların oynanılacağı arenada ilk məşqlərini keçirdiklərini söyləyib: "Həm zal, həm də oyun zamanı istifadə olunacaq toplar normaldır. Komandada atmosfer yaxşıdır. Sadəcə, səfərlə əlaqədar az da olsa, yorğunluq var. Əsas problemimiz isə zədəli futzalçıların durumu ilə bağlıdır. Andreu, Katatau, Sinesi və Ramiz Çovdarovun zədəsi var və onlardan hansının bu oyunlarda bizə kömək edəcəyini dəqiq deyə bilməyəcəyəm. Bununla bağlı həkim qərar verəcək. Amma Ramiz Çovdarovun geri döndüyünü demək olar, o, Mostardakı ilk məşqimizdə iştirak etdi. Digər 3 oyunçu ilə bağlı məsələ konkretləşməyib".
O, ilk görüşdə İsveç çempionu “Orebro” ilə qarşılaşacaqlarını xatırladıb: "Çətin görüş olacaq. Müxtəlif variantlarımız var. Rəqibimizin də oyununa bir daha baxacağıq. Yenə deyirəm, vacib olan zədəli futzalçılarımızın meydana çıxıb-çıxmamasıdır. Əgər onlardan ikisi bizə kömək edə bilsə, onda yaxşı nəticə qazanacağıq. Komanda olaraq yaxşı hazırlaşmışıq".
Qeyd edək ki, "Araz Naxçıvan" oktyabrın 26-da “Orebro” ilə, oktyabrın 27-də Serbiya “Loznika Qrad”ı ilə, oktyabrın 29-da isə yerli “Mostar” komandası ilə üz-üzə gələcək.