"Çətin qələbə alındı. Bu gün heyətdə müəyyən dəyişiklik etmişdik. Bəzi aparıcı futbolçular yox idi. Üstəlik, son 3 oyunu iddialı rəqiblərə qarşı keçirmişdik. Şadam ki, komandam bu gün intizamlı çıxış etdi. Bu qələbə mənim üçün çox dəyərlidir”.
Sportnet.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XIII tur oyunundan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis "Neftçi"nin xal itirməsindən sonra çempionluq mübarizəsində 2 komandanın qalması fikri ilə razılaşmayıb: "Çünki qarşıda hələ çox oyun var. Biz çempionluq yox, növbəti qarşılaşma barədə düşünməliyik".
O, "ASCO Arena"nın örtüyünün ötən mövsüm bərbad durumda olduğunu bildirib: ."Dəyişiklik olması müsbət haldır. Amma yenə də biz təbii meydançada oynamağa öyrəşmişik. Ona görə də ilk 20 dəqiqədə komandam müəyyən qədər çətinlik çəkdi. Azərbaycan cənub ölkəsidir, buna görə də istərdim ki, bütün stadionların qazonu təbii olsun. Amma hər klub öz büdcəüsinə uyğun addım atır".
Rusiyalı baş məşqçi növbəti turda "Qarabağ"a qarşı keçirəcəkləri oyuna da toxunub: "Rəqib Avropa səviyyəli komandadır. Böyük oyun olacaq. Həmin gün azarkeşlərin də sayının çox olacağını düşünürəm. Biz özümüzə inanmalıyıq".
Musayev futbolçulara milliyyətinə görə fərq qoymadığını vurğulayıb: "Futbolçularımı yerli və ya legioner deyə ayırmıram. İndi oyun bitib və futbolçular qələbəyə sevinirlər".
Təcrübəli mütəxəssis bəzi yerli oyunçularının "Qarabağ"ın maraq dairəsində olması ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Bu, sadəcə şayiədir. Ona görə də şərh etmək istəməzdim. Hər hanslı real təklif yoxdur. Elə bir şey olsaydı, klub rəhbərliyi mənə deyərdi".