“Oyunun ağır keçəcəyini təxmin edirdik".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Səbail"ə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun ilk yarımfinal oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssisin sözlərinə görə, bu mərhələdə asan rəqib və matç olmur: "Bunu bütün komanda dərk edirdi. İki fərqli hissə izlədik. İkinci yarıda intensivliyi artırdıq. Komanda istədiyimizi meydanda verdi və qələbə qazandı. Hücumlar qururduq və qapımızda ani qol gördük. Böyük qüvvə ilə irəli keçdik, standart vəziyyətdən daha bir top buraxdıq. Sevindirici odur ki, komanda ruhdan düşmədi, sonadək əzm göstərdi və qələbə əldə etdi. 0:2 hesabı ilə geridə olanda da oyundan qopmamışdıq. Toparlana bildik və layiqli qələbə qazandıq".
Baxşıyevin fikrincə, dubl müəllifi Rafael Utziq bundan da yaxşı oynaya bilər: "Potensiallı futbolçudur. Müqaviləsi yayda başa çatır. Hər yaxşı oyunçunun təkliflər alması normaldır. Biz də ona öz təklifimizi edəcəyik".
Baş məşqçi "Qəbələ"nin finala yüksəlmə şanslarının yenə bərabər olduğunu vurğulayıb: "Bu görüşdə məğlub olsaydıq da, şanslar 50-nin 50-yə olacaqdı. “Sumqayıt”la çempionatdakı matçı düşünüb, bu qarşılaşmadan sonra komandanı kubokun cavab matçına kökləyəcəyik”.