Bakıda İtaliya - Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimat mərasimi baş tutub. Sportnet.az-ın məlumatına görə, təqdimat mərasimində mədəniyyət, idman sahəsində tanınmış insanlar, o cümlədən Qarabağ Futbol klubunun məşqçisi Qurban Qurbanov, tanınmış modelyer Fəxriyyə Xələfova, AFFA-nın üzvü Elxan Tağızadə, millət vəkili Adil Əliyev, bəstəkar Gövhər Həsənzadə iştirak ediblər.
Dostluq Cəmiyyətinin təsisçiləri İtaliya tərəfdən məşhur jurnalisti Dündar Kesaplı və Azərbaycan tərəfdən isə Rəşad Qurbanovdur. Dostluq Cəmiyyətinin yaradılmasında məqsəd iki ölkə arasında turizm, mədəniyyət, təhsil, idman sahəsində əlaqələri gücləndirmək və bu əlaqələrin inkişafına töhfə verməkdir.
Qeyd edək ki, Dündar Kesaplı 25 ilə yaxındır İtaliyada yaşayır və media sahəsində fəaliyyət göstərir. Bu günə qədər dünyanın məşhur futbolçularından müsahibələr alıb.
Dündar Kesaplının sözlərinə görə, yeni cəmiyyətin yaradılması İtaliyada və Azərbaycanda dəstəklənib. O bildirib ki, cəmiyyətin fəaliyyəti xüsusilə, qarşılıqlı idman, turizm, mədəniyyət, o cümlədən film, moda və digər sahələri əhatə edəcək.
Dündar Kesaplı İtaliyada Ağdəniz Qəzetçilər Dərnəyinin rəhbəridir.