
"Biz təsəvvür etməzdik ki, bu görüş ordumuzun və komandamızın möhtəşəm zəfərindən sonra olar. Əslində isə görüşə bir həftə əvvəldən hazırlaşmışdıq".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl media nümayəndələri ilə görüşündə deyib.
O, klub rəsmisi Asif Əsgərovu Avropa Klublar Assosiasiyasının (ECA) İdarə Heyətinə üzv seçilməsi münasibətilə təbrik edib: "Asif bəy öz zəhməti və iradəsi, eləcə də ECA prezidentinin istəyilə bu vəzifəyə yüksəlib. Eyni zamanda, Anar Haclyevi mətbuat katibi vəzifəsinə təyinatı münasibətilə təbrik edirəm. Bu təyinatda "Qəbələ"nin prezidenti Fariz Nəcəfovun da mövqeyi çox böyük rol oynadı".
T.Gözəl klubunun ədalətli oyun prinsiplərinə sadiq qaldığını da diqqətə çatdırıb: "Maradona əllə qol vuranda "bu, tanrının əlidir" deyirdi. Amma biz əllə oynadığımızı bildirərək, qohumuzu ləğv etdiririk".
Klub rəhbəri "Qarabağ"ın keçdiyi yola nəzər salarkən, maraqlı əhvalat da danışıb: "Bir dəfə yolda atamla yemək yeməyə düşmüşdük. Stol arxasında oturduğumuz vaxt arıların yığışdığını gördüm. Onları qovmağa çalışdıqda atam dedi ki, arı qarpıza görə yığışıb. Götürdü qarpızı kənara qoydu və üstünü kağızla örtdü. Dedi ki, arı qarpıza görə bura yığışıb. Sən də həyatda hamının fikrini, sözünü dinləməyi öyrən. Ulu öndər Heydər Əliyev də bizə gözəl bir övlad, rəhbər qoyub getdi. Çox böyük şükürlər etməliyik. Bu xoşbəxtliyi sizinlə yaşamaq, ürək sözlərimi sizə çatdırmaq istəyirəm. Bizim kimi xalq dünyada varmı?"
Ralli həvəskarı olduğunu deyən T.Gözəl bir dəfə şəhər gəzintisi vaxtı döngədə iki ağsaqqalı tozda qoyduğunu xatırlayıb: "Həmin vaxt onların məni söyəcəklərini düşünürdüm. Amma əvəzində "Bala, yavaş sür" söylədilər".
Uşaq futbolu akademiyasının tikintisi üçün torpaq sahəsinə ehtiyac duyduqlarını deyən klub prezidenti bundan ötrü Qaraçuxur qəsəbəsindən yer istədiklərini bildirib: "Açığı, bizim akademiyamız adımıza layiq deyil".
Dövlətdən də sevgi görürük. Hara gediriksə, böyük hörmətlə qarşılaşırıq. Amma imza görmürük. İnanıram ki, bu sahədə də ilkə imza atacağıq".
Ağdamda tikiləcək "İmarət" stadionunun "Qarabağ"ın əsas komandasının məskunlaşması üçün əlverişli olmayacağını deyən T.Gözəl orada əvəzedici və digər komandalarını, eləcə də əsas komandanın avrokubok matçlarını təşkil etməyin mümkünlüyünü vurğulayıb.