
İlin ən yaxşı gənc futbolçusunun adına aydınlıq gəlib.
Sportnet.az xəbər verir ki, bu, "Real"ın 20 yaşlı yarımmüdafiəçisi Cud Bellinqem olub. O, səsvermədə səsvermədə Eduardo Kamavinqa (“Real”, İspaniya), Qavi, Pedri, Alexandro Balde (hamısı “Barselona”, İspaniya), Camal Musiala (“Bavariya”, Almaniya), Xavi Simons (“Leyptsiq”, Almaniya), Antonio Silva (“Benfika”, Portuqaliya), Rasmus Hoylund (“Mançester Yunayted”, İngiltərə), Elye Vahini (“Lans”, Fransa) qabaqlayıb.
İngiltərəli futbolçu ötən mövsümü Dortmund "Borussiya"sında keçirib və burada bütün turnirlərdə 42 oyuna çıxıb, 14 qol vurub və 7 qolun ötürməsini verib. O, "France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına namizədlər arasında 18-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, Bellinqem son transfer pəncərəsində Dortmund "Borussiya"sından "Real"a 103 milyon avroya keçib. Oyunçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. "Transfermarkt" internet portalına görə Bellinqemin təxmini dəyəri 120 milyon avrodur.
Qeyd edək ki, ötən il ilin ən yaxşı gənc futbolçusu adına "Barselona"dan Qavi layiq görülmüşdü.