“Qəza keçirən PFL əməkdaşlarına Allahdan şəfa diləyirik. Tezliklə işlərinə qayıtmasını arzulayırıq. Maraqlı oyun alındı. Üstünlük bizdə olsa da, son nöqtəni qoymaqda çətinlik çəkirdik".
Sportnet.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/8 finalında 1-ci liqa təmsilçisi "İmişli"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, 1:0 hesablı qələbəni belə şərh edib: "Komanda əzmini göstərdi, son dəqiqələrədək istəyindən əl çəkmədi və istədiyi qolu vurdu. Birinci liqa klubları ilə görüşlərdə üstün oynasan da, meydanda mübarizə gedir. Çünki onlar da istəklidirlər, çox sayla müdafiə olunurlar. Bu tip oyunlarda yaratdığın hər epizodu dəyərləndirməlisən. Bunu etmədikcə rəqib daha özünə güvənli oynayır. Düşünürəm ki, üstünlüyümüz var idi. Matçın belə çətin keçməsinə səbəb yaratdığımız epizodları dəyərləndirməməyimiz idi".
"Qəbələ"nin çalışdırıcısı qeyd edib ki, komandası əlavə vaxta da hazır olub: "Bütün dünyada 1-ci liqa komandaları da yüksək dəstə klublarına qalib gəlir. “İmişli”ni təbrik edirəm. Yaxşı, mübariz komandadır. Onlara uğurlar arzulayıram”.