Azərbaycan Premyer Liqasının XXIX turunun "Qarabağ" - "Səbail" oyunundan (4:2) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Sportnet.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...
- Uşaqları təbrik edirəm. Yaxşı, baxımlı futbol oynadılar. Kifayət qədər epizod yaratdıq. Mövsümün sonları olsa da, uşaqlar gümrah göründülər.
- Bu gün öyrəşmədiyimiz vəziyyətdə idiz. Hakimlərə çox etiraz edirdiniz...
- Bəzən emosiyalar olur. Oyun tez-tez dayanırdı, temp aşağı düşürdü. Oyunun bu qədər dayanması yaxşı hal deyil. Futbolçu dinamikaya uyğunlaşmalıdır. Hakim hər bəsit epizoda vərəqə verəndə düşünməlidir. Sadə "sarı"lar olmaz. Bu, oyunçunu növbəti oyun kənarda saxlaya bilər. Bəsit vərəqələrə görə etirazımı bildirdim. Vurulan qolda ofsaydın olduğunu bilmirəm. Toral Bayramova ikili mübarizədə vərəqə verirlər. Belə olmaz. Bu hallara öyrəşmək lazımdır. Oyunun sürətini artırmaq istəyirsən, pauza verilir. İstəyirsən ki, futbolçular daha yaxşı tempə öyrəşsin. Etirazlarım bunlara görə idi. Amma etikanı pozmadım.
- Müqaviləsi bitən oyunçular var. Onlarla bağlı qərarlar vermisiniz?
- Vaxtımız var, qarşıdakı vaxtlarda bu işlərlə məşğul olacağıq. Doğru qərarlar qəbul etmək istəyirik. Hər oyunçu bizim əzizimizdir. Qarşıdakı ayda lazım olan qərarları verəcəyik.
- Azərbaycan Kubokunun finalında "Qəbələ", yoxsa "Zirə" ilə qarşılaşmaq istərdiniz?
- Açığı, bu haqda düşünmürəm. Düzdür, finala vəsiqə qazanmaq istəyirik, ancaq rəqib haqda düşünmürəm.
- Qarşıdakı matçlarda gənc oyunçulara şans verəcəksiniz?
- Ola bilər, çalışacağıq ki, imkan daxilində hər oyunçuya şans verək.
- Andrey Lunyovla bağlı vəziyyət nədir? Son günlərdə haqqında yazılar artıb...
- Buna önəm vermirəm. Bəzən bir insan fikir bildirəndə emosiyalarını saxlaya bilmir, sərt danışır. Bəzən də bəzi cümlələr əks-fikir təəssüratı yaradır. Lunyovla bağlı böyüdüləsi şey yoxdur. Müqaviləsi davam edir. Gedişatda danışıqlar olub, güzəştlər olacaqdı, onlar da olub. Son günlərdəki yazılara uyğun nəsə yoxdur. Hər şey qaydasındadır. (Futbolpress)