
"Dünya çempionatının qalibi olmağı çox istərdim".
Sportnet.az xəbər verir ki, bunu Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransında Azərbaycan yığmasının kapitanı Elvin Əlizadə deyib.
Kapitan ölkədə ilk dəfə keçirələcək mundialda uğurlu nəticələrlə azarkeşlərə sevinc bəxş etmək istədiklərini söyləyib: "Hazırlığımız tam qaydasındadır. Komandada bəzi dəyişiklər edilib. Deyərdim ki, bu dəyişikliklər müsbət tərəfə olub. Fərqi görəcəksiniz”.
Əlizadə turnirdəki hədəflərindən də danışıb: “Dünya çempionatının qalibi olsam, mənim üçün fəxr sayılacaq. Komandamız daha da yaxşılaşacaq. Təbii ki, bunun üçün çox çalışmalıyıq".
Qeyd edək ki, mayın 21-də start götürəcək dünya çempionatında 32 ölkə mübarizə aparacaq. Azərbaycan millisi A qrupunda ilk görüşünü mayın 21-də Bəhreynə qarşı keçirəcək. Oyun saat 20:30-da başlayacaq. İki gün sonra Sloveniya ilə üz-üzə gələcək milli saat 20:45-də meydana çıxacaq. Mayın 25-də keçiriləcək Azərbaycan – Mavritaniya qarşılaşmasının start fiti saat 19:30-da çalınacaq. Mundiala iyunun 1-də yekun vurulacaq.