"Dünya çempionatında oynamaq istəyiriksə, rəqiblərə bu cür "hədiyyə" verməməliyik".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joe Alesio Da Silva səfərdə Polşaya 2:7 hesabı ilə uduzduqları əsas seçmə mərhələ oyunundan sonra federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Braziliyalı mütəxəssis matça yaxşı başladıqlarını və 2 real qol epizodu yaratdıqlarını bildirib: "Təəssüf ki, həmin imkanlardan istifadə edə bilmədik. Halbuki məşqlərdə də demişdim ki, bu cür oyunlarda kim şansından tez istifadə edib ilk qolu vursa, qalib olacaq. Biz epizodları qaçırdıq, əvəzində qapımızdan qol buraxdıq. Daha sonra səhvə yol verdik və fərq artdı. Əksinə, diqqətli olmalıydıq".
Onun sözlərinə görə, tribunaların təzyiqi də komandanın üzərində idi: "Fasilədən sonra fərqi azaltdıq və nisbətən sakit oynamalı idik. Uşaqlara müdafiədə daha təmkinli davranmağı tapşırdım. Ancaq oyunçular hücuma keçirdilər. Sanki oyun intizamından qopduq. Sona qədər mübarizə aparmaq lazım idi. Hesabda fərq yarandıqca məcbur olub risk etdik. Təəssüf ki, “beşinci” oyunçu ilə də onların fərqlənməsinə mane ola bilmədik”.