Gənclər və idman naziri Fərid Qayıbov "Real TV" telekanalına müsahibə verib.
Sportnet.az xəbər verir ki, o, Azərbaycan idmançılarının beynəlxalq arenadaki çıxışını dəyərləndirib:
"Profesional idmanda bizim çox yaxşı nəticələrimiz var. Məsələn, Rio-2016 Yay Olimpiya Oyunlarında rekord sayda - 18 medalımız olmuşdu. Amma Paris-2024 olimpiadasından o qədər medal gətirə bilməyəcəyik. Bunu mən açıq deməliyəm. Bizim federasiyalarla əsas hazırlığımız 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunları üçün olacaq. Təbii ki, 2024-cü ilə də hazırlaşırıq. Amma fərqli və yaxşı nəticə istəyiriksə, bunu 2028-ci ildə görəcəyik. Bunun bir çox səbəbi var. Yaxşı hal odur ki, hamımız birlikdə çalışırıq. Və bizim hamımız başa düşürük ki, prioritet nədir".
Əvəzində nazir kütləvi idman sahəsinin son 2 il ərzində çox inkişaf etdiyini vurğulayıb: "Bu, bizim tədbirlərimizin nəticəsidir. Müşahidələrimizə əsasən, görürük ki, bütün yaş qrupları üzrə idmanla məşğul olan insanların sayı artıb. Hətta biz 60-dan yuxarı yaşda da görürük. Bu çox yaxşı haldır. Yenə də işləməyə davam edəcəyik.
Bizim "Sağlam Həyat" layihəmiz var. Onu Bakıda və müxtəlif regionlarda keçirməyə davam edirik. Bu layihədə bir atletika məşqçimiz uşaq gördü və onu atletika ilə məşğul olmağa dəvət etdi. Bir neçə ay sonra həmin uşaq öz yaşıdları arasında çempion oldu. Onu, parkda keçirdiyimiz layihədən seçib, profesional idmançı etdik".