Qusar Olimpiya İdman Kompleksində məktəblilərin axınını daha da yüksəltmək və kütləviliyi artırmaqdan ötrü təbliğat xarakterli tədbirlərə start verilib.
Sportnet.az xəbər verir ki, bu məqsədlə ilk olaraq, Qusar şəhər Elxan Güləliyev adına 2 saylı Tam Orta Məktəbdə şagirdlərlə görüş keçirilib.
Akt zalında baş tutan görüşdə kompleksin direktoru Elşən Məmmədov, məşqçilər Vahid Quliyev və Sevzi Bayramov, eləcə də idman qurğusunun yerli və beynəlxalq yarışlarda yüksək nəticə göstərmiş badmintonçusu Həbibə Quliyeva iştirak edib.
Məktəbin direktoru Günel Hacıyeva qonaqları salamlayaraq, belə bir tədbirin məktəblilərin idmana marağının artması baxımından faydalı olacağını bildirib.
E.Məmmədov isə çıxışında Gənclər və İdman Nazirliyi tərəfindən məktəblilərin idmana daha çox cəlb olunmaları məqsədilə müntəzəm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. O xatırladıb ki, elm və təhsil naziri Emin Əmrullayev hələ bu il aprelin 28-də rayona səfər edərkən, Qusar Olimpiya İdman Kompleksinə də baş çəkib, yaradılan şəraitlə yaxından tanış olub. Həmin vaxt E.Əmrullayev məktəblərdə görüşlərin təşkili xahişini müsbət cavablandırıb.
Kompleks direktoru bu tədbirin həmin razılıq əsasında gerçəkləşdiyini vurğulayaraq, müvafiq qurumlara minnətdarlığını bildirib.
Daha sonra Qusar Olimpiya İdman Kompleksi barədə təqdimat videosu nümayiş etdirilib. Məşqçilər V.Quliyev və S.Bayramov kompleksin imkanları, badminton və digər idman növləri üzrə məşqlər üçün yaradılmış şəraitdən bəhs ediblər.
İdmanla bağlı sualları doğru cavablandıran bir qrup məktəbliyə badmintona dair kitab, raketka, volan və digər idman ləvazimatları hədiyyə olunub.
Sonda E.Məmmədov görüşə yüksək səviyyədə şərait yaratdığı üçün G.Hacıyevaya təşəkkürünü bildirib, ona "Qarabağ" klubunun formasını təqdim edib.
Qeyd edək ki, bu qəbildən görüşlər digər məktəblərdə də davam etdiriləcək.
#2nömrəliməktəb #məktəb #школа #idmanhamıüçün