Qusar Olimpiya İdman Kompleksinə məktəbli axını və kütləviliyin daha da artırılması istiqamətində növbəti görüş 4 saylı tam orta məktəbdə keçirilib.
Sportnet.az xəbər verir ki, 150-dək şagirdlə görüşə kompleks rəhbərliyi və məşqçi-müəllimlərlə yanaşı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov da qatılıb.
Kompleksin direktoru Elşən Məmmədov tədbirin təşkilinə görə məktəbin direktoru Elmira Bayramovaya təşəkkürünü bildirib. Məktəblilərin idmana daha çox cəlb olunmalarından ötrü Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif tədbirlərin görüldüyünü vurğulayan E.Məmmədov "Üzməyi öyrənək" layihəsinin ilk dəfə 4 saylı orta məktəblə birlikdə həyata keçirildiyini xatırladıb.
N.Novruzov isə çıxışında belə görüşlərin məktəblilərin idmana cəlb olunmaları anlamında əhəmiyyətindən danışıb. O bildirib ki, hər bir şagird təhsillə yanaşı, idmana da diqqət ayırmalıdır. İdarə rəisi belə görüşlərdən sonra Qusar Olimpiya İdman Kompleksinə axının daha da artacağına əminliyini vurğulayıb.
Daha sonra kompleksin tanıtım videosu nümayiş etdirilib.
İdman qurğusunun məşqçi-müəllimləri Vahid Quliyev (badminton), Elşən Şükürov (boks, kikboksinq, MMA), Loğman Aslanov (karate) və Elmar Niftəliyev (ciu-citsu) məktəbliləri idmanla məşğul olmağa səsləyən təqdimatla çıxış ediblər.
Sonda fəal şagirdlərdən bir qrupuna hədiyyələr, məktəbin direktoru E.Bayramovaya isə kompleksin kollektivinin imzaladığı top hədiyyə olunub.