“Hər dəfə Bakıya böyük məmnuniyyətlə gəlirəm. Özümü burada evimdəki kimi hiss edirəm. Azərbaycan xalqı çox qonaqpərvərdir”.
Sportnet.az xəbər verir ki, bunu “Report”a Bakıda keçirilən kişi və qadınlar arasında idman gimnastikası üzrə Dünya Kubokunda iştirak edən özbəkistanlı olimpiya çempionu Oksana Çusovitina deyib.
1992-ci il Barselona Yay Olimpiya Oyunlarının qalibi olan Çusovitina 44 yaşı olmasına rəğmən, hələ də karyerasını davam etdirir. Dayaqla tullanmada final mərhələsinə vəsiqə qazanan təcrübəli idmançı güclü rəqabətin olduğunu bildirib: “Burada olimpiada üçün xal toplayırıq. Ona görə də çox güclü rəqabət var. Xallar arasında fərq çox azdır, sona qədər mübarizə aparmaq lazımdır. Final mərhələsinə vəsiqə qazandığım üçün şadam. Orada hərəkətlərimi daha da gücləndirəcəyəm”.
Çusovitina Azərbaycan Gimnastika Federasiyasının (AGF) gördüyü işləri yüksək qiymətləndirdiyini söyləyib: “Bakıda çoxlu sayda gimnastika yarışları keçirilir. Bu baxımdan, yaxşı mənada sizə paxıllıq edirəm. Özbəkistanda nə vaxtsa idman gimnastikası üzrə hansısa beynəlxalq yarışın keçiriləcəyinə ümid edirəm”.
Qeyd edək ki, 4 gün davam edəcək turnirdə 41 ölkədən 170 gimnast mübarizə aparır. İlk iki gündə təsnifat, sonrakı iki gün ərzində isə final mərhələləri olacaq. Martın 15-də isə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim ediləcək.
Azərbaycanı Dünya Kubokunda 4 idman gimnastı – 3 kişi və 1 qadın təmsil edir. Kişilərin yarışına Murad Ağarzayev, Nikita Simonov, İvan Tixonov, qadınlarda isə Marina Nekrasova qatılıb.