
III MDB Oyunlarında karate üzrə qızıl medal qazanan Nuran Rzazadə Sportnet.az-a danışıb.
– İlk görüşdə uduzmağına baxmayaraq, ardıcıl qələbələr səni finala daşıdı və finalda da ilk oyunda məğlub olduğun rəqibi yenərək çempion oldun. Bu an hansı hisslər keçirirdin?
– Çox xoşbəxtəm. İki ildir bu turnirə hazırlaşırıq, çünki yarış ölkəmizdə keçirilirdi və məsuliyyətimiz daha da böyük idi. Sağ olsun, Gənclər və İdman Nazirliyi və Federasiyamız – uzun müddət bizə dəstək oldular. Qusarda təlim-məşq toplanışımız oldu, xaricdən idmançılar gəldi, biz də xarici toplanışlarda iştirak etdik. Bunun nəticəsidir ki, bu gün qızıl medal qazana bildim. Qrup mərhələsində 4 döyüş keçirdim – 3 qələbə qazandım, 1-də isə uduzdum. Daha sonra yarımfinalda həmyerlimlə qarşılaşdım. Finalda isə qrupda məğlub olduğum Qırğızıstan idmançısına qalib gəldim. Çox şükür, bu uğur mənə nəsib oldu.
– İlk görüşdə niyə məğlub oldun?
– Bəzən olur ki, döyüşü düzgün qurmursan, hər şey istədiyin kimi getmir. Bu idmandır, qaçılmazdır. Amma sonrakı qarşılaşmalarda etdiyim düzgün analizlər və qurduğum taktika nəticə verdi.
– Kimin tələbəsisən?
– Şəxsi məşqçim Asiman Qurbanlıdır. O həm də doğma bibim oğludur. İnşallah sabah o da tatami üzərinə çıxacaq. Arzumuz odur ki, iki qızıl medalla evə dönək.
– Qələbəni kimə həsr edirsən?
– Qələbəmi şəhid qardaşım Həsən Rzazadəyə həsr edirəm. O, mənim ən böyük dəstəkçim olub. Bu gün də onun dəstəyini yanımda hiss edirəm. Əminəm ki, mənimlə fəxr edir. Mən də hər zaman ona layiq qardaş olacağam.
– Sonda nə demək istərdin?
– Mən hazırda əsgərəm. Azərbaycan əsgəri hər şeyə qadirdir.