Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Gürcüstanın paytaxtı Tbilisidəki Avropa çempionatına ezam olunmuş jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir:
- Avropa çempionatının ilk günündə qazanılmış 2 bürünc medal gözləntilərinizin neçə faizi oldu?
- 65-70 faiz. Qızıl medal gözləyirdik.
- Qızıl medalın qazanılmamasına səbəb nə oldu?
- Bunun səbəbinə birinci özümüzdə baxmalı, səhvlərimiz nə olduğunu müəyyənləşdirməli və üzərində işləməliyik. Ona görə də işimiz çoxdur. Həm 60 kq, həm də 66 kq çəki dərəcəsindəki cüdoçularımız bu gün çox yaxşı çıxış etdilər. Demək olar ki, cəmi 1 səhv etdilər və onun üzündən uduzdular. Həm Turan Bayramov, həm Əhməd Yusifov, həm də Balabəy Ağayevi nəzərdə tuturam. Onların mübarizəsi, döyüşkənliyi xoşumuza gəldi. Qadın cüdoçularımızda da irəliləyişi görürük. Biz daha yaxşı olmasını istəyirik, amma bundan ötrü vaxt lazımdır. Hər şey birdən-birə olmur. Əminəm ki, yavaş-yavaş qadın cüdosunda da yaxşı nəticələr göstərəcəyik.
- Balabəy Ağayevin yarımfinalda gürcüstanlı Giorgi Sardalaşvili ilə qarşılaşmasının nəticəsi daha çox müzakirə olundu. Bu barədə nə deyə bilərsiniz?
- Onunla bağlı fikirlər müxtəlifdir. Bunu Avropa Cüdo Birliyinin Hakimlər Komitəsindən də soruşa bilərsiniz. Rəqibə vaza-ari xalını onlar verdilər. Mütəxəssislər fərqli fikirlər söyləyirlər. Mən mütəxəssis deyiləm, ona görə də bir şey deyə bilməyəcəyəm. Balabəy doğrudan da çox yaxşı formada idi. Yarımfinal görüşünün 3 dəqiqə 15 saniyəlik bölümündə çox üstün vəziyyətdə idi. Gürcü rəqibi heç bir şey edə bilmirdi. Mən bu qarşılaşmanı Zelim Kotsoyevin Paris-2024 Yay Olimpiya Oyunlarında daha bir gürcü İlia Sulamanidze ilə görüşünə bənzədirəm. Orada da 3 dəqiqə 15 saniyə ərzində Zelim heç nə edə bilməmişdi. Amma fərq ondadır ki, orada bizim cüdoçu, burada isə rəqib qələbə qazandı. Cüdoda müəyyən prosedur var. Etiraz nəticəsində bir şey dəyişməyəcəksə, özümüzü niyə yoraq?! Bu, o demək deyil ki, biz bu istiqamətdə işləməyəcəyik. Amma belə desək, bunun başqa yolları da var.
- Növbəti günlərdə qızıl medal gözləntiləriniz kimlərdəndir?
- Cüdo sürprizlərə açıq idman növüdür. Kim deyərdi ki, Şəfəq Həmidova italiyalı dünya çempionu Assunta Skuttoya, italiyalı dünya və olimpiya mükafatçısı Tara Babulfat qalib gələcək? Qızıl medalı kimin qazana biləcəyini deməyim. Bunu tatami göstərəcək. Elə idmançımız götürə bilər ki, ondan gözləməyəsiniz. Yaxud da hamımızın gözlədiyi idmançı Avropa çempionu ola bilər. Proqnoz verənlərin 90 faizi yanılırlar. Mən də proqnoz vermirəm.
- 73 kq çəkidə rusiyalı son Avropa çempionu Danil Lavrentyevlə italiyalı əzəli rəqib Manuel Lombardonun hazırkı yarışda olmaması Hidayət Heydərovun işinə nə qədər kömək edə bilər?
- Mənə elə gəlir ki, əksinə, Lavrentyevlə Lombardo olsaydı, Hidayət üçün daha yaxşı idi. Çünki Heydərov tanıdığı rəqiblərlə daha yaxşı mübarizə aparır, nəinki yenilərlə. Çünki yeni rəqibləri tanımayanda onun üçün bir qədər çətin olur. Çünki ilk dəfə qarşılaşır. Dediyiniz idmançıların əvəzinə yeniləri olacaq. Köhnə rəqiblərdən digərləri burada olacaq. Mən bunu böyük üstünlük hesab etmirəm.
- Ötənilki Avropa çempionatında 5 medal olmuşdu. Bu dəfə hədəf kəmiyyət, yoxsa keyfiyyətdir?
- Hər ikisi. İstənilən medal üçün cüdoçularımızın necə əziyyət çəkdiklərini görürsünüz. Onlara göstərdikləri nəticəyə görə irad bildirmək düzgün deyil. Hər bir medal üzərində idmançılar, məşqçilər heyəti və digər əməkdaşların əziyyətləri var. Gecə-gündüz çalışırlar. Əlbəttə, istərdik ki, qızıl medal sayı daha çox olsun. Amma hər bir medal - nəticədir və komandanın dərinliyini göstərir. Bu gün kişilərin mübarizəsində hər iki çəkidə medal qazandıq. Sizcə, bir qızıl medal yaxşıdır, yoxsa 6-7 bürünc medal?
- Təbii ki, qızıl medalın olması daha yaxşıdır?
- O zaman bizim fikirlərimiz dəyişir. Bir nəfər qızıl medal götürsün, qalanları uduzsun, yoxsa 6-7 medal olsun, amma qızıl medal olmasın? Bu, bir az fəlsəfi sualdır.
- Bürünc medal hər zaman olur...
- Xeyr, hər zaman olmur. 66 kq çəkidə sonuncu dəfə Avropa çempionatında nə vaxt bürünc medal götürmüşük? Orxan Səfərov 2020-ci ildə Avropa çempionu olub. Sonrakı 6 il ərzində bu çəkidə medalımız ümumiyyətlə olmayıb. Çox şadam ki, bu gün Turan Bayramov medal götürdü. Bayramov bugünkü yarışadək 60 kq çəkidə 3-4 dünya və Avropa çempionatında çıxış etmişdi, amma medal qazana bilməmişdi. 66 kq-da isə elə ilk yarışındaca medal əldə etdi. Bu, onu göstərir ki, çəki dərəcəsini vaxtında dəyişmək lazımdır. Yaxşı cüdoçusansa və doğrudan da bacarığın varsa, çəkinin önəmi yoxdur. Əksinə, sən sağlamlığını fikirləşməlisən. İzləyənlər bilirlər, Turanın 60 kq-da ikən 2-ci dəqiqədən sonra nəfəsi gəlmirdi, bütün fiziki gücü tükənirdi. Bu gün isə yeni çəkidə çox rahat idi.
- Üstəlik, nəzərə alaq ki, özünü çox rahat hiss edirdi...
- Biz hər zaman uşaqlara deyirik ki, hazır olun. Avropa çempionatına Turanın gedəcəyini son anda olmasa da, martın sonlarında bildik. Eynilə keçən il 73 kq-da Rəşid Məmmədəliyevin Avropa çempionatına getməsini deyə bilərik. O da gedib medal qazanmışdı. Hər zaman idmançılarımız hazır olmalıdırlar ki, qaçılmaz zədələr zamanı kimisə əvəzləyə bilsinlər.
- Dünya çempionatı Bakıda keçiriləcək. İllərdir yarışlarda iştirak edirsiniz. Hazırkı Avropa çempionatından təşkilatçılıq baxımından götürəcəyiniz bir şey var?
- Gürcüstan Cüdo Federasiyasının əziyyətini heçə saymaq olmaz. Onlar son iki ay ərzində Böyük Dəbilqə və Avropa çempionatı təşkil etdilər. Hər bir yarışın öz tələbləri var. Dünya çempionatını Beynəlxalq Cüdo Federasiyası, Avropa çempionatını isə Avropa Cüdo Birliyi təşkil edir. Onların tələbləri tamamilə fərqlidir. Adicə Böyük Dəbilqə belə, təşkilatçılığına görə Avropa çempionatından fərqlənir. Dünya çempionatına da bu aiddir. Əminəm ki, Dünya çempionatı burada keçirilsəydi, tamamilə fərqli ab-hava görərdik. Düzü, buradan götürüb özümüzün təcrübə kimi yararlanacağı bir şey görmürəm. Ümumilikdə isə təşkilatçılara təşəkkür etmək istəyirəm. Əsas da idmançılar üçün rahatlıq yaratdılar.
- Hakimliklə bağlı "bunun başqa yolları da var" dedikdə nəyi nəzərdə tutursunuz?
- idmançılarımız öz üzərində daha çox işləməli, səhvlərindən nəticə çıxarmalı və hər görüşdə daha güclü olmalıdır.
İdmanda elə səviyyəyə çatmaq lazımdır ki, görüşlərdə qərar faktoru minimuma ensin. Qələbəni müzakirəyə açıq qoymamaq, nəticəni tatamidə aydın və dominant şəkildə həll etmək əsas hədəf olmalıdır.
- Bəs VAR hakimliyi üçün?
- Orasına hələ çox var. İlk başda hakimlərimiz yetişsinlər, A kateqoriyasına malik olsunlar, 50 yaşları olsun və təqaüdə çıxsınlar. O yaşdan sonra artıq icazə verilir və namizədlik irəli sürülə bilər. Hələlik bizim ən reytinqli hakimimiz Nazim Umbayevdir və onun 48 yaşı var. Bu işdə ingilis dilini də yüksək səviyyədə bilmək lazımdır. Ümid edək ki, gələcəkdə olar. Hazırda bizdə yalnız bu səviyyədə hakimlik edən Umbayevdir.
- Belə görünür ki, VAR-da hakim daha vacibdir, nəinki tatamidə...
- Bu idman növündə, təbii ki, video-təkrar tətbiq olunandan sonra tatamidəki hakimin rolu azalıb. Amma bu o demək deyil ki, ümumiyyətlə onların rolu yoxdur. VAR onların supervayzerləridir. VAR onların qərarını ləğv etmək hüququna malikdir. Biz də bunu nəzərə alaraq işimizi görürük. Hər zaman deyirəm: biz elə güləşməliyik ki, onlara heç bir imkan verməyək. Hətta kimsə haqsızlığın olduğunu hesab edirsə belə, sən ona şərait yaratmamalısan. Əsas odur. Bu gün belə alındı. Növbəti yarış günlərində daha yaxşı olar. Amma mən inanmıram ki, bizə qarşı qərəzli mövqeləri var idi. Hər bir yarışda hakimlikdən narazı qalındığını görürük. Biz öz işimizə fokuslanmalıyıq, hakimliyə yox. Elə işləməliyik ki, hakimlik bizə mane olmasın.
- Məsələ burasındadır ki, Balabəy Ağayevə qarşı haqsızlıq Gürcüstanda keçirilən Avropa çempionatında gürcü cüdoçu ilə döyüşdə olub. Sizcə, görüş başqa yerdə keçirilsəydi, belə halla qarşılaşardıq?
- Bilmirəm. Siyasi sualdır. Bu, sizin şərhinizdir. Özünüz necə istəsəniz, şərh verə bilərsiniz. Amma başqa yerdə necə ola bilərdi sualına mən cavab verə bilmərəm.

















































































