Tovuzun "Turan” klubunun keçmiş baş məşqçisi Naci Şensoyun Sportnet.az-a müsahibəsi
- Azərbaycanda futbol mövsümü yekunlaşdı. İzləyirdinizsə, mövsümü necə dəyərləndirə bilərdiniz?
- İmkan daxilində Azərbaycan Premyer Liqasının oyunlarını izləməyə çalışıram. "Qarabağ” layiq olduğu çempionluğu qazandı. Qurban Qurbanovu təbrik edirəm. Çünki bu uğur təsadüfi deyil, onun toxumları hələ 3-4 il öncə səpilmişdi.
- "Qəbələ” də ilk dəfə avrokuboklara qatıldı. Eyni zamanda "Neftçi” 3 il ardıcıl çempionluqdan sonra, büdrədi. "İnter yenə avrokuboklara düşdü. Bunlarla bağlı nə deyə bilərsiniz?
- Qeyd etdiyiniz kimi, "İnter” həmişə hədəflərinə çatmağı bacarır. "Neftçi”yə gəlincə, ardıcıl məşqçi dəyişiklikləri istər-istəməz klubun davamlı şəkildə uğur əldə etməsinə təsir göstərdi. "Qəbələ” də bir neçə il ərzində ardıcıl uğursuz məşqçi seçimindən sonra, nəhayət, istədiyi mütəxəssisi tapdı. Yuri Syomin kimi təcrübəli baş məşqçinin rəhbərliyi altında "Qəbələ” arzusuna çatdı.
- Daim "İnter”lə problemlər yaşayırdınız. Xüsusən, komandanın ovaxtkı baş məşqçisi Anatoli Konkovla. Bəs Tsxadadzeyə münasibətiniz necədir?
- Mənim "İnter”lə heç vaxt problemim olmayıb. Ancaq Konkov mənə müntəzəm olaraq söz atır, sataşırdı. Belədə, ona cavab verməyim təbii idi və bu, hüququmdan istifadə edirdim. Yadınızdadır, Tovuzda ilyarım məğölubiyyətsizlik seriyasından sonra "İnter”ə 0:1 uduzduğumuz oyun? Həmin görüşdə "İnter” rəhbərliyi Xaqani Məmmədovu ələ alaraq, "Turan”ı öz evində ilk məğlubiyyətə uğratdı. Federasiya rəsmiləri həmin qarşılaşmadan sonra qatarda hakim Xaqani Məmmədovu "İnter” rəhbərliyi ile birgə araq işərkən yaxaladı ve referi ömürlük diskvalifikasiya edildi. Tsxadadzeyə gəlincə, o, işinə çox peşəkar yanaşır və düşünürəm ki, məndən sonra ölkənizə gəlmiş ən yaxşı məşqçilərdən biridir (gülür - red.).
Bilirsinizmi ki, sizdən sonra jurnalistlər üçün gözəl sözlər danışmağı bacaran bir Böyükağa Hacıyevimiz də yetişib?
- Böyükağa Hacıyev mənim dostumdur. "Neftçi” adına etdikləri göz önündədir. Şəxsən mən onu və ya Qurban Qurbanovu millinizin baş məşqçisi vəzifəsinə gətirərdim. Hacıyevin məşqçilik tərzi çox xoşuma gəlir. Deyərdim ki, mənimlə eyni üslubda işləyən mütəxəssisdir.
- Bəs danışıq tərzi necə?
- Bəli, onun özünə inamı çox önəmli faktordur. Bəziləri Böyükağanı yanlış başa düşə bilərlər, ancaq mənə bu tərz olduqca doğmadır. Joze Mourinyonun da ən önəmli özəlliyi özünə olan inamıdır, deyilmi? O üzdən onu ''A special one'' ( "Özəl biri") olaraq qeyd edirlər. Unutmayın, dəli və dahi arasındakı fərq tək bir cizgidir!
- "Kukesi”dən niyə ayrıldınız?
- 2 ay öncə Albaniya klubundan ayrıldım. Klub rəhbərliyi ilə iş prinsiplərimizdə fikir ayrılığı yarandı. Onlar qalmağımı istəsələr də, istefa verməyi qərara aldım. Albaniyada ümumilikdə 2,5 il çalışdım. Əvvəlcə elitanı tərk edən "Bilesi”ni şalışdırdım və komandanı ölkə Kubokunun finalına yüksəldə bildim. Analoji uğura Bolqarıstanda da "Pirin"lə imza atmağı bacarmışdım. Hazırda evdəyəm, bir qədər dincəlmək istəyirəm. Axı 12 il idi ölkə xaricində ailəmdən kənar vəziyyətdə qalırdım.
- Azərbaycandan təklif var və ya gözləyirsiniz?
- Bir qədər dincəldikdən sonra UEFA PRO lisenziyasını 7 il öncə almış bir mütəxəssis kimi məşqçiliyimi davam etdirəcəyəm. Bütün bu təcrübəmi goruma aparası deyiləm ki! İstər Türkiyədən olsun, istər digər ölkə klublarından təkliflər gözləyirəm. Çünki uğur qazanmış və qazandırmağı bacaran məşqçi ilə hər kəs çalışmaq istəyir. Azərbaycan klublarına gəlincə, indiyə kimi rəsmi bir təklif almamışam. Azərbaycanda işləməkdən zövq alıram, inşallah, mənə uyğun olan bir təklif gələr və sevə-sevə ölkənizdə iş başına keçərəm.