Karate üzrə Avropa və dünya çempionatlarının mükafatçısı Şahin Atamovun AutoCity.az-ın suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Deyirlər, maşın həvəskarları daha çox kişilər olurlar. Siz necə düşünürsünüz?
- Əslində, bizi belə düşünməyə bilirsiniz, nə vadar edir? keçmişdə maşınları kişilər idarə edərdi, amma indi, maşallah, qadınlar kişilərdən daha gözəl maşın idarə edirlər. Bəzən "Qadınla yol getdinsə, min dəfə düşün" deyirlər. Amma mən belə düşünmürəm. Elə gözəl avtomobil idarə edən xanımlarımız var ki...
- Sizcə, maşını tez tez dəyişmək dəbdir, yoxsa göstəriş?
- Baxır o insanın xarakterinə. Kimisinin həyat tərzidir, kimisinin avtomobilə olan sevgisi və s. Bu, mənim ikinci maşınımdır. Əvvəlkini dəyişib "Jeep Grand Cherokee" aldım.
- Qəzadan qaçmaq mümkün deyil. Bəs siz necə, qaçmısınız, yoxsa sizdən qaçıblar?
- Əslində, qəza elə hadisədir ki, ondan qaçmaq mümkün deyil. Amma gərək sürət həddinə fikir verəsən. Mən çox həssasam, diqqət edirəm. Maşınımı da vurublar, mən də vurmuşam. Bir dəfə yolda gedirdim, baxdım ki, kimsə maşınıma dəydi. Əvvəlcə elə bildim ki, maşınla kimisə vurmuşam. Düşdüm, kömək etdim, xəstəxanaya apardım. Baxdılar ki, heç nə yoxdur. Apardım evlərinə, kömək etdim. Bir müddət sonra kameralarda təsadüfən gördüm ki, bu adamlar özlərini qəsdən maşının üstünə atırlar. Bax, belə şeylər gördükdən sonra yolda daha diqqətli oluram.
- Bir neçə gün öncə SOCAR Azərbaycan Qran-prisi keçirildi. Təəssüratlarınız necədir?
- Əslində sürəti sevmirəm. Amma Azərbaycanda keçirilən hər bir tədbir, yarış bizim adımızdır, xalqımızı, millətimizi, ölkəmizi təbliğ edir. Ümumiyyətlə, düşünürəm ki ,biz millət olaraq, daha da güclü, əzmkar olmalıyıq.
- Dünyanın ən bahalı maşını sizə hədiyyə verilsə, nə baş verər?
- Sevinərəm. Əlbəttə, bu, məndə yaxşı hisslər yaradar. Amma deyərdim ki, əziyyətlə qazanılmış hər bir əşya daha doğma olur. Ona görə də öz qazancımızla almağı daha üstün tutaram.
- Bu yaxınlarda məşhur futbolçu Kriştianu Ronaldu ən bahalı maşına sahib oldu...
- Bəli, gördüm. Pulu çoxdur, alıb da... İnanıram ki, biz də bir gün elə maşın alarıq.