Kikboksing üzrə 23 qat dünya çempionu Eduard Məmmədov AutoCity.az-ın suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Maşınları tez–tez dəyişirsiniz?
- Xeyr, tez tez dəyişməyi sevmirəm. Bir maşına necə öyrəşirəmsə, elə də qalır. Demək olar ki, illərdir eyni maşını - "Gelandewagen" idarə edirəm.
- Bəs ilk maşınınız hansı olub?
İlk maşınım "VAZ 2107" olub. Onu mənə 2003 cü ildə WAKO versiyası üzrə dünya çempionu olduqdan sonra federasiyamızın prezidenti, millət vəkili Adil Əliyev hədiyyə etmişdi. Onu sonradan yaxın dostumun maşını ilə dəyişdim.
- İndiyədək avtomobil qəzası keçirmisiniz?
- Xeyr, qəzaya düşməmişəm. Çünki sürətə diqqət edirəm, içki qəbul etmirəm. Maşın idarə edirsənsə daha diqqətli olmalı, yalnız özünü deyil, ətrafdakıları da düşünməlisən.
- Əksəriyyət marka maşınları sevir. Bəs siz?
- Marka olaraq sevə bilərəm. Görüntü olaraq, çox maşın var ki, həqiqətən xoşuma gəlir. Amma onların qiyməti də xoşuna gəlməlidir (gülür - red.).
- Heç sürət yarışına çıxmısınız?
- Bilirsiniz, sürətin də yeri var. Qadağan olunmuş yolda sürətlə sürürsənsə, deməli, sən nə özünü, nə də ətrafdakı insanları düşünürsən.
- Sürətli yarışlardan biri - "Formula-1" üzrə Azərbaycan Qran-prisi yenicə yekunlaşdı. Belə yarışların Bakıda təşkilinə ünasibətiniz necədir?
- "Formula-1" əsl sürət yarışıdır. Bax, bu sürət artıq bir peşədir. Onlar sadəcə işini görür, kimisə narahat etmirlər. Layihə olaraq isə möhtəşəmdir.
- Azarkeşi olduğunuz pilot kimdir?
- Sürət yarışına görə deyirsinizsə, elə Mixael Şumaxer.