
Sportnet.az-ın "Sportşou” rublikasının qonağı olan aktyor, şoumen və azarkeş Bəhram Bağırzadə Azərbaycan milli komandasının futbolçularını sərt tənqid edib. Bağırzadə əzab əziyyətlə pul qazanan neftçilərlə müqayisədə futbolçularımızın layiq olmadıqları halda, 10 qat artıq qazandıqlarını bildirib. Bu açıqlama ilə bağlı kapitan Rəşad Sadıqov danışmaq istəməsə də, onun həm "Qarabağ"da, həm də yığmadakı komanda yoldaşı Qara Qarayev Sportnet.az-ın suallarını cavablandırıb:
- Bəhram Bağırzadə ən hörmət etdiyim, ən çox izlədiyim adamlardan biridir, ona hörmətimiz sonsuzdur. Amma kollektiv oyun olduğu üçün futbolda ümumi danışmaq bir az başqa cürdür. Bəli, futbolçular var ki, hardasa doyublar, oynamaq istəmirlər, amma şəxsən mən o sözləri özümə götürmək istəmirəm. Mənim iş prinsipim, istəyim elə deyil. Yəni, istəyirəm ki, həmişə nəticə verək. Şou-bizneslə müqayisə edəndə, orada da elə müğənnilər var ki… Danışmaq istəmirəm, sonra başım ağrıyacaq. Nə bilim, vallah, belə qalmışam. Bəhram müəllimə elə hörmət edirəm, istəmirəm belə danışığa görə gələcəkdə problem olsun.
- Həqiqətənmi futbolçularımız o pulun qarşılığını verə bilmir?
- Mən elə deməzdim. Çünki bizim məşq sistemlərimiz, keçirdiyimiz təlim-məşq toplanışı zamanı o qədər əziyyətlər çəkirik ki, məncə, istənilən şəxsə gətirib o pulu versən, "Mən qaçmıram, futbol heç mənə lazım deyil" söyləyər. Futbolçular o pulu çox əziyyətlə qazanırlar. Sadəcə, futbolun inkişafı elə bir şeydir ki, götürsək, qardaş ölkədə - Türkiyədə komandaların ən yaxşıları 105-110 illik yubileylərini qeyd edirlər. Burada da bir az vaxt lazımdır. Futbolçuları dəstəkləmək lazımdır ki, sevsinlər bu işi. Onsuz da xalqa görə oynayırıq. Bizim azərkeşlərimiz, millətimizdir ki, bizi o səviyyəyə qaldıra bilər. Bu gün oyunu uduzuruqsa, hamı üstümüzə düşürsə, biz növbəti oyuna heç cür hazırlaşa bilmərik. Amma onlar bizə dəstək olsa, növbəti oyunlara daha yaxşı hazırlaşıb, nəticə verə bilərik. Yenə deyirəm, xüsusi olaraq yazılmasını istəyirəm ki, Bəhram müəllimə çox böyük hörmətimiz var. Amma mən şəxsən onun dediyi sözü özümə götürmürəm.
- Məşqlərdə çox əziyyət çəkdiyinizi dediniz. Bəs büdcəni formalaşdıran neftçilər çox əziyyət çəkir, yoxsa siz futbolçular?
- Bilirsiniz, bizim idman növümüz elədir ki, futbol ilə ölkəmizin adını bütün dünyada tanıtdıra bilərik. Neftçilərin əməyini aşağılamaq istəmirəm, bəlkə onlar da bizim kimi əziyyət çəkir. Amma futbol elə bir idman növüdür ki, bizdə yox, bütün dünyada bir ölkənin tanınması üçün məncə, ən böyük təbliğat vasitəsidir. Çünki bir ölkəni tanıtmaq istəyirsənsə, futbolu ilə tanıda bilərsən.
- Tanıda bilirsiniz?
- Ən azından tanıtdırmağa çalışırıq. Bu gün gedib Amerikada oynayırıq, nəticədən asılı olmayaraq ora gələnlər də görür ki, Azərbaycan milli yığmasıdır, burada futbol var, get-gedə inkişaf edirlər. Avropanın bütün kanallarında göstəriləndə yazırlar ki, ABŞ-la Azərbaycan oynayır. Nəticə qazandığımız oyunlar da olub. Şimali İrlandiya və Rusiya ilə oyunumuzdan bütün dünya danışırdı. Deyirdilər ki, Azərbaycan Rusiyadan xal aldı, İrlandiyanı məğlub etdi. Sadəcə, inkişaf üçün bir az vaxt lazımdır. Bu işlər 5-10 ilə həll olunası deyil. Bu, köklü olmalıdır ki, gələcəkdə daha yaxşı nəticələr əldə edək. Məncə, azərkeşlər bizdən tələb etməlidir ki, yaxşı oynayın, qalib gəlin, amma tənqid etmək doğru çıxmaz. Yenə deyirəm, Bəhram müəllimin dediyi heç bir sözü üzərimə götürmürəm. Çünki mən elə deyiləm, mən başqa fikirdə, düşüncədəyəm.
- Ümumi problemi nədə görürsünüz?
- Bilirsiniz, futbolumuzun qalxmasını istəyən insanların hamısı meydanda olmalıdır. Nəyə görə deyirəm? "Qarabağ”ın Avropa Liqasının "pley-off" mərhələsində keçirdiyi oyunlara 30 min - 35 min tamaşaçı gəlib və biz o oyunları çox yüksək səviyyədə keçirmişik. Hamı da deyib ki, siz yaxşı oynadınız. O, nəyin nəticəsi idi? Biz eyni heyətlə çempionatda da çıxış edirik. Amma cəmi 200-500 adam gəlir. Təsəvvür edin, hər çempionat oyununa 30 mindən çox tamaşaçı gəlsə, Azərbaycan futbolunun səviyyəsi 5 ilə istədiyimiz yerə gəlib çıxar. Çempionat oyunlarına 30-40 adam gəlir, bununla nə inkişaf? Ən sadə şeyi deyirəm ki, bunlar olmasa, futbolumuz inkişaf etməyəcək. Çünki mən meydana çıxanda, öz tanışımın, məni tanıyan adamın səsini eşitməməliyəm. 10 minlərlə insanın səsini eşitməliyəm ki, onlar bizə əlavə ruh versin, biz də oyunlara motivasiya olaq.
- Bu yaxınlarda qonağımız olan müğənni Nazim Pişyari yerli çempionat oyunlarının onun və ailəsinin vaxtını aldığını bildirmişdi...
- Məncə, oyunumuzun maraqlı olması azərkeşlərdən asılıdır. Yəni oyunlarımıza 30 min azarkeş gəlsə, inanmıram ki, maraqsız keçər. Yenə deyirəm, bir futbolçu kimi görəndə ki, tribunada mənə azarkeşlik edənlərin sayı 10 minlərlədir, dayanmaq istəmirəm. İstəyirəm ki, ancaq qaçım, hərəkətdə olum, ən yaxşısını göstərməyə çalışım. Amma elə oyunlarımız olub ki, məsələn, Neftçi ilə derbi oyunlarımda, tribunada 1000-1500 adam ya olar, ya olmaz. Onun 500-ü də biz futbolçuların tanışı, dostu, qardaşı idi. Yəni, məncə, bu oyunları daha maraqlı keçirəcək azarkeşlər olmalıdır ki, onlar nə qədər çox gəlsələr, oyunlarımız yaxşı keçsin. Amma Avroliqada "Rusenborq", "Tvente", "Pyast" və "Gefle" ilə oynayanda azarkeşlər möhtəşəm idi, adam istəyirdi ki, qalib gəlsin, nəticə versin. Məncə, tək kuboklarda yox, millinin oyunlarına da o qədər azarkeş gəlməlidir ki, futbolçuları motivasiya eləsinlər.
- Bəhram müəllim əslində çox həssas məsələyə toxundu. Ümumi nəticəyə gəlsək, sizcə, aldığınız pulun haqqını verirsiniz?
- Bunu azarkeşlərimizdən soruşmaq lazımdır. Bizim klubda xaricilərdən başqa oynayacaq bütün azərbaycanlıların deyərdim ki, elə də dəhşətli imkanı olmayıb. Hamısı küçədən, məhlədən kasıbçılıqla futbola başlayan adamlar olub. Biz qazanmağın qədrini daha yaxşı bilərik. Elə düşünürəm ki, onun haqqını veririk, amma verməyənlər də var. Bəziləri vermirsə, onu ümumiləşdirib, hamının adına yazmaq lazım deyil.
Sevinc XANQIZI